“Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb”
Rusiya ordusunun Ukraynaya kütləvi raket hücumu fonunda Polşa qırıcı təyyarələri ilə bağlı tədbirlər görüb. AYNA xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
“Rusların son aqressiv fəaliyyəti ilə əlaqədar olaraq, Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunub ki, Polşanın cənub-şərq hissəsində hərbi təyyarələrin işləməsi səbəbindən səs-küy səviyyəsi yüksələ bilər.
Təxminən üç saat sonra Polşa ordusu “Polşa hava məkanında hərbi təyyarə əməliyyatlarının dayandırıldığını və yerləşdirilən aktivlərin standart əməliyyat fəaliyyətinə qayıtdığını” bildirib.
Qeyd edək ki, iyulun 8-nə keçən gecə bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Partlayışlar Kiyev, Xarkov, Nikolayev, Sumı, Krivoy Roq, Slavyansk və Kramatorskda baş verib.
“Rusiya terrorçuları yenidən raketlərlə Ukraynaya kütləvi şəkildə hücum ediblər. Müxtəlif növ 40-dan çox raket atılıb. Yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib”, - deyə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyinin spikeri Pavel Vronski bildirmişdi ki, Varşava Ukraynanın sərhəd bölgələrində Rusiya raketlərini vurmaq üçün öz hava hücumundan müdafiə sistemindən istifadə imkanlarını araşdırır. Belə müzakirələr martın 24-də Rusiya uzaqmənzilli aviasiyası tərəfindən buraxılan və Ukraynanın qərbinə uçan raketin Polşanın hava məkanını pozaraq 39 saniyə orada qalmasından sonra başlayıb. Oxşar hadisə ötən il dekabrın 29-da səhər saatlarında baş verib - Ukraynaya növbəti hücum zamanı radar Xrubiesov şəhəri yaxınlığında naməlum obyekt aşkar edilib.
2023-cü ilin aprelində Polşada döyüş başlığı olmayan və üzərində rus dilində yazılar olan "hava-yer" raketinin fraqmentləri aşkar edilib.
2022-ci ilin noyabrında Polşada iki raket düşmüş, iki nəfər həlak olmuşdu. Rusiya mərmilərin Ukraynanın hava hücumundan müdafiəsinə aid olduğunu bildirib. Polşa Prezidenti Andjey Duda hadisəni “qəza” adlandıraraq, Polşa ərazisinin qəsdən atəşə tutulmasını göstərən heç bir əlamət olmadığını vurğulamışdı.