“Dəmir qapılar” təlimləri quru, dəniz və hava əməliyyatlarını əhatə edir
Polşada yerləşən Orjış hərbi poliqonunda "Dəmir qapılar" adlı genişmiqyaslı hərbi təlimlərə start verilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, təlim ərazisi strateji Sualki dəhlizindən təxminən 100 kilometr məsafədə yerləşir.
Bildirilib ki, təlimləri Polşa Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış və Baş Qərargah rəisi Veslav Kukula müşahidə edirlər.
"Dəmir qapılar" təlimləri çərçivəsində zirehli, mexanikləşdirilmiş, artilleriya və hava bölmələrinin birgə fəaliyyəti sınaqdan keçirilir.
Təlimlər quru, dəniz və hava əməliyyatlarını əhatə edir və orada ordu, Hərbi Hava Qüvvələri, Donanma, xüsusi təyinatlı qüvvələr və ərazi müdafiə birləşmələri iştirak edir.
Ümumilikdə təlimlərə Polşa və NATO ölkələrindən 30 minə yaxın hərbçi və 600-dən çox texnika cəlb olunub.