Peşə təhsili müəssisələrinə qəbul olanların qeydiyyatı aparılır

Xəbərlər

25.08.2021 - 11:13

Uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi edə biləcəklər

 

Peşə təhsili üzrə tələbə qəbulunun I mərhələsində müsabiqədən uğurla keçənlərin qeydiyyatı aparılır.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AYNA-ya bildirilib ki, peşə məktəblərinə qəbul olanlar avqustun 30-u saat 18:00-dək qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

 

- attestatın əsli;

 

- sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

 

- sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

 

- şəxsiyyət vəsiqəsinin surəti;

 

- 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;

 

- hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

 

- güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

 

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə məktəbində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

 

Xatırladaq ki, peşə təhsili üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-21-də elektron qaydada keçirilib. 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə məktəbində 120 ixtisas üzrə aparılıb. Elektron sistemdə qeydiyyatdan keçənlərdən 14 min 876-sı ixtisas seçimini yekunlaşdırıb. Müraciət edənlərin sayı ötən il ilə müqayisədə 26 faiz artıb.

 

Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi edə biləcəklər. II mərhələ ilə bağlı məlumat yaxın günlərdə paylaşılacaq.

Müəllif: Ayna.az