Pensiya yaşı Milli Məclisin gündəmində: nazir deputatlarla razılaşmadı

Cəmiyyət

25.11.2022 - 21:30

Sahil Babayev: “Bu gün pensiyaya çıxanların 68 faizi 12 ildən çox pensiya alır”

Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Layihəyə əsasən, ümumilikdə növbəti il Fondun cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır. 2022-ci il üzrə isə bu xərclər 5 milyard 606,27 milyon manat proqnozlaşdırlıb. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərində artım əsasən əmək pensiyalarının maliyyələşdirilməsi (5 907 180 000,0) üzrə proqnozlaşdırılıb ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün əsaslı maliyyə zəminini formalaşdırır.

Deputat: “Qohumbazlıq, çək-çevir üçün münbit şərait yaradılıb”

Müzakirə zamanı deputat Sabir Rüstəmxanlı sosial müdafiə sahəsi ilə bağlı təklif verib. Millət vəkili deyib ki, sosial müdafiənin çərçivələri və ünvanlarını daha dəqiq müəyyənləşdirən, bu işdə əyriliyin, aztəminatlı ailələrin haqqına göz dikilməsinin qarşısını alan daha etibarlı sistem işlənib-hazırlanmalıdır: “İndiki halda sosial yardım şəbəkələri çox asanlıqla sosial oğurluq şəbəkələrinə, əhalini narazı salmaq meydanına çevrilir. Yaxud da, çevrilə bilər”.

“Ailələr uşaq pulu alarkən buna imkan yox idi. Çünki buna ən böyük səbəb uşaq idi. İndi isə sosial müdafiə sənədləşdirmələri, qohumbazlıq, çək-çevir və bu yardımlardan imtina üçün münbit şərait yaradılıb. Düşünürəm ki, bu problem yoluna qoyulmalıdır”, - S.Rüstəmxanlı vurğulayıb. 

Millət vəkili: "Deyirlər camaat işləmək istəmir, bu, yalandır"

Deputat Fazil Mustafa isə vurğulayıb ki, insana doğulanda və öləndə dəyər vermək lazımdır: “Heç olmasa bunu vətəndaşlarımıza etməliyik. Vətəndaşlarımızın çoxu səhiyyə sistemi ucbatından dünyasını dəyişir, ölənlərin sayı nə qədərdir. Azərbaycanda keyfiyyətli səhiyyə yoxdur”.

“Digər məsələ məşğulluqla bağlıdır. Dövlət əli ilə iş yeri açılması ideyası artıq absurddur. Ona görə də özəl sektor canlandırılmalıdır. Bəzən deyirlər ki, xalq işləmək istəmir. Məncə, belə məlumatlar yalandır. Normal iş yeri, yaxşı maaş olsa, hamı işləmək istəyəcək. Niyə xalq yaxşı yerdə işləmək istəməsin ki?”, - deyə deputat əlavə edib.

Nazir: “Belə halların yaşandığı çox az sayda dövlət var”

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də fikirlərini bildirib. Nazir qeyd edib ki, bu gün şəhid ailələrinə və veteranlara xüsusi dəstək göstərilir: “Bu kateqoriyadan olan 9 min nəfərə özünüməşğulluq aktivləri təqdim olunub. Bununla bərabər, 16 mindən çox şəxs işə düzəlib”.

Nazir onu da deyib ki, sosial sahəyə dəstək artırılacaq: “2019-cu ildən bu günə qədər sosial müavinətlərin, əməkhaqlarının artırılması istiqamətində islahatlar aparılır və hələ də davam edir. Belə halların yaşandığı çox az sayda dövlət var. Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması həmişə bizim üçün prioritet olub və onun üçün də çalışırıq”.

“Bu gün 60 faizdən çox vətəndaş 65 yaşına çataraq pensiya alır” - NAZİR

Pensiya yaşı məsələsinə gəlincə, nazir qeyd edib ki, bununla bağlı səhv rəqəmlər səsləndirilir: “Bu gün 60 faizdən çox vətəndaş 65 yaşına çataraq pensiya alır. Eyni zamanda, 40 faiz sosial müavinət alan şəxslər var”.

"Bu gün pensiyaya çıxanların 68 faizi 12 ildən çox pensiya alır. Bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir. Ona görə də bunu nəzərə almaq lazımdır", - nazir bildirib.

Qeyd edək ki, ötən iclasda deputat Qüdrət Həsənquliyev ölkədə kişilərin pensiya yaşına çatmadan vəfat etdiyini, bunun üçün pensiya yaşının azaldılmasını təklif etmişdi. Bununla yanaşı, deputatlar - Vahid Əhmədov, Əli Məsimli, Sabir rüstəmxanlı da oxşar təkliflərlə çıxış ediblər.

“Ölkədə bəzi streotiplər var ki, onları qırmaq lazımdır”

"Ölkədə aktiv məşğulluq proqramları üçün çalışırıq. Eyni zamanda xalqın öz qazancını əldə etmək imkanını artırmaq lazımdır və biz bunu edirik", - deyən S.Babayev əlavə edib ki, ölkədə bəzi streotiplər var ki, onları qırmaq lazımdır: “Bəzən insanları işləməməyə sövq edirlər, bundan çəkinmək lazımdır. Nəzərə çatdıraq ki, 400 minə yaxın işsizi məşğulluq proqramı çərçivəsində işə cəlb etmişik. Prosesin tam şəffaf olması üçün bütün tədbirlər görülüb. 55 min şəxsin özünüməşğulluğu təmin edilib".

Müzakirələrdən sonra DSMF-nin büdcəsi səsverməyə qoyularaq qəbul edilib. Növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər tutulmaqla cari ilin təsdiq edilmiş proqnoz göstəricisindən 657,7 mln. manat və ya 11,7%, gözlənilən icrasından isə 927,3 mln. manat və ya 17,4% çox nəzərdə tutulub.

Ehtiyac meyarı müəyyən edildi, yaşayış minimumu 246 manat oldu, İşsizlikdən Sığorta Fondunun büdcəsi artırıldı

İclasında “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də II oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Toplantıda “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi II oxunuşda müzakirə edilib. Layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul olunub.

Milli Məclisdə eyni zamanda, “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda təsdiqlənib. Gələn il fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulur. Bu, cari ildəkindən 31,3 milyon manat və ya 17,3 faiz çoxdur.

Müəllif: Anar Bayramoğlu