Pekinin sülh imitasiyası və ya danışıqlar xatirinə danışıqlar təklifi

Dünya

10.03.2024 - 22:11

Volodimir Volya: “Çətin ki, Çin öz baxışını dəyişsin və birdən Rusiyaya təzyiq göstərməyə başlamalı olduğuna qərar versin”

Çinin Rusiya-Ukrayna müharibəsinin həlli üzrə xüsusi nümayəndəsi Li Huinin Rusiya, Polşa və Ukraynaya işgüzar səfəri başa çatıb. Bu səfər zamanı baş tutan görüşlərin nəticələrinə əsasən, belə qənaətə gəlmək olar ki, Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibəti heç bir şəkildə dəyişməyib. Çin səlahiyyətliləri rəsmi olaraq hər hansı yeni və ya yenilənmiş prinsipləri açıqlamayıblar.

Pekinin sülh yanaşmasını şərh edən ukraynalı siyasi şərhçi Volodimir Volya analitik yazısında deyib ki, Çinin yanaşması əvvəlki kimi qalıb: “Söhbət problemli məsələlərin danışıqlar yolu ilə, Rusiyanın “qanuni təhlükəsizlik maraqlarını” nəzərə almaqla həllindən və s. gedir. Hətta Çin rəsmiləri ilə Qərb rəsmiləri arasında aparılan danışıqların nəticələri barədə məlumatlar da bunu göstərir. Huinin səfəri ilə Çin sülhə can atan dövlət kimi öz mövqeyini bir daha təsdiqləmək qərarına gəlmiş oldu. Ancaq başa düşmək lazımdır ki, bu, heç bir şəkildə heç bir dəyişikliyə səbəb olmayacaq”.

“Ukrayna səfərindən əvvəl Çinin xüsusi nümayəndəsi Rusiya və Polşaya səfər edib. Li Huinin Rusiyadakı görüşündən sonra verilən bəyanatda “Rusiya Federasiyasının qanuni təhlükəsizlik maraqlarının” nəzərə alınmasının zəruriliyi göstərilib. Varşava ona Ukrayna mövqeyinə çox yaxın mövqe təqdim etdi, lakin Polşa Xarici İşlər Nazirliyi Li Huidən bizim dəfələrlə eşitdiyimiz eyni şeyi eşitdi. Yəni ki, çətin ki, Çin öz baxışını dəyişsin və birdən Rusiyaya təzyiq göstərməyə başlamalı olduğuna qərar versin”, - siyasi ekspert əlavə edib.

Volya qeyd edib ki, Çin Ukrayna və Rusiyanın iştirakı ilə beynəlxalq konfransın keçirilməsi təklifi ilə çıxış edir: “Ancaq yenə də bu, Çinin  ilkin mövqeyini dəyişmir və daha çox Pekinin diplomatik manevrinə bənzəyir. Yəni ki, belə bir konfrans son nəticədə Rusiyanın öz xəttini davam etdirdiyi, Ukraynanın isə öz mövqeyini səsləndirdiyi BMT Təhlükəsizlik Şurasının iclasları kimi bir konfrans olacaq. Sadə dillə desək, Çin danışıqlar xatirinə danışıqlar təklif edir”.

“Daha bir məqam - Li Huinin Ukrayna Prezident Aparatının, Xarici İşlər Nazirliyinin nümayəndələri ilə ayrı-ayrılıqda görüşməsi, ən maraqlısı isə Baş nazirin birinci müavini Sviridenko ilə danışıqları onu göstərir ki, təkcə sülh formulunun axtarışı müzakirə olunmayıb, həm də Çin şirkətlərinin fəaliyyəti ilə bağlı məsələlər gündəmə gətirilib. Xatırladaq ki, Ukrayna müəyyən Çin şirkətlərini müharibə sponsorları siyahısına daxil edib. Və bu, Çinin bəyənmədiyi siyasi məqamdır. Ona görə də ehtimal etmək olar ki, Li Hui Pekin üçün bu həssas məsələni müzakirə etməyə çalışdı. Ancaq yenə də bu diplomatik turun realdan daha çox simvolik təsirləri və nəticələri olacaq”, - analitik fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla