Paytaxt sakinləri müharibə acısını başqa cür yaşayırlar və ya qəribə rəsmi məntiq

Cəmiyyət

25.09.2020 - 19:13

Allah qorusun, Qarabağ probleminin həlli daha 30 il uzansa, nə olacaq?

 

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4042/60 ünvanında yerləşən bir binadakı mənzillərin sahibləri AYNA-ya müraciət ediblər. Onların sözlərinə görə, binaları 1993-cü ildə tikilib. Həmin il bina Zəngilan və Ağdamdan olan məcburi köçkün ailələri tərəfindən tutulub. Mənzillərin qanuni sahibləri olanlar ya qohumlarının evində yaşamalı, ya da mənzil kirayəyə götürmək məcburiyyətində qalıblar.

 

“Təxminən 60 ailə öz evlərindəki kimi bizim mənzillərimizdə sakitcə yaşamağa davam edir. Bu situasiya 2014-cü ilə qədər davam etdi, qanunun aliliyi ümidi və mülkiyyət hüquqlarının bərpası tələbi ilə məhkəmələrə müraciət etdik. Bütün məhkəmə qərarları, mənzillərimizin dərhal boşaldılması tələbi ilə iddiaçıların xeyrinə idi. Ancaq, nədənsə bu qərarlar məhkəmə icraçıları tərəfindən icra edilmir”, - müraciətdə bildirilir.

 

“Fikrimizcə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi qəsdən mənzillərimizin boşaldılmasına mane olur. Bu məsələ ilə bağlı son məhkəmə qərarı 2019-cu ilin fevralında verilib. Qərarın icrası Suraxanı İcra və Probasiya Şöbəsinin icraçısı Rüfət Əliyevə həvalə edilib. Ancaq məhkəmə qərarı bu günə qədər icra edilməyib”, - şikayətçilər qeyd edirlər.

 

Azərbaycan Konstitusiyasına görə, məhkəmə orqanlarının bütün qərarlarının icrası, yuxarı məhkəmə orqanı tərəfindən ləğv edilmədikdə, məcburidir. Ancaq Konstitusiyanın tələblərinə baxmayaraq, məhkəmə qərarlarının icra edilməməsi Azərbaycanda geniş yayılmış praktikadır.

 

Doğrudan da Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi (QMKİDK) məhkəmə qərarlarının icrasına mane olurmu? AYNA-nın bu sualını cavablandıran QMKİDK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev deyib ki, Komitə məhkəmə qərarlarının icrasına müdaxilə etmir: “Bu kimi məsələlərə qarışmırıq”.

Ədliyyə Nazirliyi yeni xidmət yaradır

AYNA-ya açıqlama verən Ədliyyə Nazirliyinin Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icraçısı Rüfət Əliyevlə mənzil sahiblərinin ifadələrini təsdiqləyib. Deyib ki, “bəli, məhkəmə qərarı icra edilməlidir". Amma icraçı “məhkəmə qərarını niyə yerinə yetirmirsiniz?” sualımıza cavab verməyərək, rəhbərliyə müraciət etməyimizi tövsiyə edib.

 

Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Elnur Tağıyev də sualımıza cavab verməyib və Ədliyyə Nazirliyinin mətbuat xidmətinə müraciət etməyimizi məsləhət görüb.

 

Öz növbəsində Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Rasim Həsənov AYNA-ya bildirib ki, məcburi köçkünlərin ələ keçirilmiş mənzillərdən çıxarılması barədə məhkəmə qərarlarına əməl edilməməsi müharibə şəraitinin davam etməsi ilə əlaqəlidir: “Məhkəmə qərarında müharibə haqqında bir şey qeyd olunmasa da, heç kim müharibəni ləğv etməyib”.

 

Vəziyyəti əməkdaşımıza şərh edən vəkil Fuad Ağayevin dediyinə görə, bu cür qanunsuzluqlar 30 ildir davam edir: “Özünün evi ola-ola, mənzil kirayə götürməli olan ailələri tanıyıram. Dövlət, faktiki olaraq, məcburi köçkünlərin yerləşdirilməsi məsuliyyətini vətəndaşların üzərinə qoyub”.

 

Qəribə vəziyyət yaranıb. Ölkədə rəsmi olaraq hərbi vəziyyət elan edilməyib. Hər il dövlət tərəfindən minlərlə qaçqın və məcburi köçkün evlərlə təmin olunduğu halda, ölkənin bəzi vətəndaşları öz mənzillərinə köçə bilmirlər.

 

Allah qorusun, Qarabağ probleminin həlli daha 30 il uzansa, nə olacaq? Və sonra nə? Niyə dövlət qaçqınları məktəblərdən, uşaq bağçalarından və yataqxanalardan çıxararaq, əvəzində yeni şəhərciklərdə mənzillərlə təmin edir, amma eyni zamanda, başqa vətəndaşların mülkiyyət hüquqlarını pozan qaçqınları şəxsi evlərdən çıxarıb, onları mənzillərlə təmin etmir?

Müəllif: Rəşad Rüstəmov