"Elina deyirdi ki, "Zulya mənə dəfələrlə badalaq gəlib, arxamca işlər edib""
Mediada Elina Hacıyevanın anasının telefon yazışması olduğu iddia edilən foto yayılıb. Həmin yazışmada Elinanın anası Sevil Hacıyeva ilə qızının yoldaşı Zulyanın (Züleyxa Şirinova) qeydləri var. Zulya Sevil Hacıyevaya qızının xəstəxanada olması xəbərini versə də, Elinanın anası qızdan bezdiyini, etinasızllğını ifadə edib.
Sevil Hacıyeva AYNA əməkdaşı ilə söhbətində bu yazışmanın qurama, yalan olduğunu deyib və etiraz edib: “Tutaq ki, mən belə bir şey yazmışam. Yazmışamsa da, məntiqlə bunu 4 apreldə yazmalıydım. Bu yazışma necə indi yayıla bilər? Bir də axı, Elinanın ölümündən sonra Zülyadan istintaq materialı kimi mobil telefonu istənilsə də, o, telefonu vermədi, dedi ki, telefonu satmışam, sonra da o telefon nömrəsini də dəyişdi”.
“Bizim valideynlərlə qrupumuz vardı, orada da Zulyanın fake (yalan – red.) səs, yazıları etmək bağlı təklifləri olurdu. Bu qıza qarşı heç vaxt pis niyyətim olmayıb. Mənə direktor demişdi ki, “Zulya yaxınlaşıb dedi ki, bəs Elina lezbiyandı, onu məktəbdən uzaqlaşdırmaq lazımdır”. Elina deyirdi ki, Zulya mənə dəfələrlə badalaq gəlib, arxamca işlər edib. Qızım şikayət etsə də, buna ciddi yanaşmırdım” – deyə S.Hacıyeva əlavə edib.
O, Zulyanın niyə belə etdiyini bilmədiyini qeyd edib: “Mənə pis gələn odur ki, Zulya uşaqdır, qızım yaşındadır. O niyə belə edir, bilmirəm. Mənə onun haqqında hər hansı şikayət, ifadəmdə bir pis söz deməmişəm. İndi isə Zulya anası ilə birgə mənim üstümə gəlir ki, güya mən uşağımın ölümünə görə susmağım üçün pul almışam. Belə şey olarmı heç?”
Sevil Hacıyeva vurğulayıb ki, yazışma qəsdlə edilir: “Məqsəd məni təqsirləndirməkdir. Bir daha deyirəm, mənə 4 apreldə Elinayla bağlı Leyla zəng edib. Xəstəxanada olduğunu sonradan bilmişəm”.
S.Hacıyeva məhkəmə prosesi barədə də danışıb: “Prosesdə məqsədimiz diqqəti tibb işçilərinin səhlənkarlığına yönəltməkdir. Bununla bağlı kifayət qədər fakt var”.
Xatırladaq ki, ötən gün Səbayıl Məhkəməsində Elina cinayətinin hazırlıq iclası nəticəsində 125-ci maddəyə( öldürmə həddinə çatdırma) xitam verilib. Proses davam edir.