Paşinyan: “Müharibənin başlayıb-başlamayacağını deyə bilmərik”

Aktual

24.03.2024 - 19:22

“Elə vəziyyət yaratmaq istəyirik ki, müharibə qeyri-mümkün olsun”

“Biz sülh haqqında çox danışmalıyıq, lakin unutmamalıyıq ki, bu, təkcə bizim qərarımızdan asılı deyil. Biz elə bir vəziyyət yaratmaq istəyirik ki, müharibə mümkünsüz olsun”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrüdə hakim “Mülki Müqavilə” Partiyasının təşəbbüs qrupu ilə görüşündə deyib.

“Müharibənin başlayıb-başlamayacağını deyə bilmərik. Bizim siyasi məqsədimiz belədir: bu ölkə ətrafında elə bir vəziyyət yaratmaq ki, müharibə sadəcə qeyri-mümkün olsun. Bu, çox çətin məsələdir, hamımızın səbirə ehtiyacı var”, - Paşinyan qeyd edib.

Baş nazir deyib ki, onlar hakim partiya olaraq öz siyasi düşüncələrindən istifadə etməli, partiya üzvləri hər hansı fikir söyləməkdən çəkinməməlidirlər: “Bu, həqiqətən də böyük tarixi və siyasi missiyadır və mən istəyirəm ki, heç biriniz bu tarixi missiyanı yerinə yetirməkdə öz tarixi rolunuzu bir millimetr dəyərsizləşdirməyəsiniz”.

Müəllif: Ayna.az