Pelosi: “Cənab Prezident, hakimiyyətin dinc şəkildə ötürülməsinə çalışmalısınız”
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Prezident Donald Trampa Amerikada demokratiyanın mövcudluğunu xatırladıb. AYNA xarici mediaya istinadən bildirir ki, Pelosi Trampı hakimiyyəti dinc yolla ötürməyə razı olmağa çağırıb.
“Cənab Prezident, sizə xatırlatmaq istərdim ki, Şimali Koreyada, Türkiyədə və ya Rusiyada deyilsiniz. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanında da deyilsiniz. Siz demokratik bir ölkə olan Amerika Birləşmiş Ştatlarındasınız. Niyə öz konstitusiya andınıza hörmət etməyə çalışmırsınız?”, - deyə palata sədri vurğulayıb.
Spiker Trampın seçki nəticələrini görməməzliyə vurmamalı olduğunu söyləyib: “Əksinə, hakimiyyətin dinc şəkildə ötürülməsinə çalışmalısınız. Bu, demokratiyanın tələbidir”.
Qeyd edək ki, bu il noyabrın 3-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Respublikaçılar Partiyasından prezidentliyə namizəd hazırkı Prezident Donald Trampdır. Demokratlar Partiyasının namizədi isə keçmiş vitse-prezident Co Baydendir.