“Sirr sandığı” çox sadə açılır - qondarma xüsusi hərbi əməliyyatın uğursuzluğunu kiminsə üzərinə atmaq lazımdır
Rusiya dövlətində qəribə bir şey baş verir. Xatırladaq ki, bir il əvvəl Putinin “aşpazı” ləqəbli “Vaqner” sui-qəsd qrupunun lideri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinə və Baş Qərargahına, onların rəhbərləri Sergey Şoyquya və Valeri Gerasimova açıq hücum etmiş, onları korrupsiya və səriştəsizliyə görə tənqid etmiş, Ukraynadakı döyüş meydanındakı uğursuzluqlara görə məsuliyyət daşıdıqlarını demişdi. Üstəlik Priqojin onların istefasını tələb edib və hətta bu məqsədlə daha əvvəl Rusiyanın cənubundakı mühüm hərbi obyektləri ələ keçirərək Moskvaya hücum etmişdi.
Bu, təbii ki, canlı televiziyada açıq üsyan idi, Rusiya hakimiyyəti Vladimir Putinin bütün hakimiyyəti dövründə rast gəlmədiyi bir şey idi. Bu, Kremlin qüdrətinin misli görünməmiş bir sınağı idi. Üstəlik, o, həm cəmiyyət, həm də ordu və təhlükəsizlik qüvvələri tərəfindən tamamilə dəstəkləndi. Onlara müqavimətin olmaması və üsyançılarla üstüörtülü razılaşma belə deməyə əsas verir.
Ancaq söhbətimiz bu deyil. Priqojinin əsas məqsədi Putinə həqiqəti çatdırmaq idi ki, oğru generalların bacarıqsız rəhbərliyi sayəsində rus ordusu qarşısına qoyulan vəzifələri yerinə yetirə bilmir.
Lakin sonra Putin “aşpazını” və himayədarını eşitməməyi üstün tutdu. Çünki onun qurduğu avtokratiyada həqiqəti açıq şəkildə dilə gətirmək doğru deyil, ümumiyyətlə, yaraşmaz. Rus çarı həqiqətə dözmür və onun səltənətində heç kimin öz fikrinə sahib olmasına icazə verilmir. Rusiya dövlətində təşəbbüs cəzalandırılır, bu, sübut edilməli idi. Və cəzalandırıldı da...
Priqojin fizki məhv edildi, Şoyqu və Gerasimov isə sovuşduqlarını başa düşdülər. Amma məlum oldu ki, sakitlik müvəqqəti olub.
Bir müddət sonra orduda “təmizlik” başladı, ancaq Putinin özünün təşəbbüsü ilə. Şoyqunu mənasız mövqeyə atdılar, müavinləri bir-bir qandallanan Gerasimovun taleyi isə tükdən asılıdr. Bir aydan az müddətdə dörd yüksək vəzifəli müdafiə məmuru korrupsiyada ittiham edilərək Lefortovoya göndərilib. Korrupsiyada ittiham olunan Rusiya müdafiə xadimlərinin siyahısına müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov, ordunun Baş Qərargah rəisinin müavini, ordu generalı, general-leytenant Vadim Şamarin daxildir. 58-ci Ordunun keçmiş komandiri, xüsusilə böyük miqyasda dələduzluqda ittiham olunan general-mayor İvan Popovu da unutmadılar. Priqojindən nümunə götürən və Ukraynadakı cəbhə xəttindəki problemlərə açıq işarə edən məhz bu general idi.
Bəli, korrupsiya, rüşvətxorluq, dələduzluq ittihamları ilə yanaşı, vətənə xəyanətdən də danışmağa başladılar.
Sizə heç nəyi xatırlatmır? Məhz SSRİ-də, keçən əsrin 30-cu illərinin sonlarında Stalin tərəfindən orduda böyük “təmizləmə” başladı. Amma o zaman müharibədən əvvəlki illər idi. Böyük Vətən müharibəsi illərində Stalin həbs olunan generalları və zabitləri azad edərək cəbhəyə göndərdi. Onlar şan-şöhrətlə döyüşdülər, orden və medallar aldılar, Qəhrəman adına layiq görüldülər. Onlar oğru və satqın olmadıqlarına görə xalqa kütləvi şəkildə iman və həqiqətlə xidmət edirdilər və onların nümunəsi Stalinin özü idi. Çünki, bütün həyatı boyu yalnız bir cüt brezent çəkmə və palto almışdı. Oğurluğu isə ancaq inqilabdan əvvəl və inqilab üçün etmişdi. Düzdür, o, dəhşətli tiran və qatil idi, amma bu başqa bir hekayədir.
Ancaq yenə də bu günə qayıdaq. Sual olunur - orduda və döyüşdə hansı səbəbdən “təmizləmə” başladı? Dövlətdəki korrupsiya Polişinel sirridir, sistemlidir və yalnız yuxarıdan verilən “dobro” ilə rütbələr arasında məqbuldur. Bəs onda problem nədədir? Amma “sirr sandığı” çox sadə açılır - qondarma xüsusi hərbi əməliyyatın uğursuzluğunu kiminsə üzərinə atmaq lazımdır. Onların “xüsusi hərbi əməliyyatın” təşəbbüskarı olmasalar da, ordunun daxildən qoşunların və silahların vəziyyətini bildikləri üçün ölkənin siyasi rəhbərliyini “Üç gün ərzində Kiyev” adlı əsassız qərardan çəkindirməyə çalışdıqları barədə şayiələr var.
Amma hücum oldu, lakin məqsədə çatılmadı. Kim günahkardır? Təbii ki, yalnız oğurluq edən generallar. Əlbəttə, xalq kütləsi bunu da “udacaq”...