Onların karantini müddətsizdir

Cəmiyyət

19.04.2020 - 16:20

Distant təhsil əlilliyi olan məktəblilər üçün daha çox problemlər meydana çıxarıb

 

Xüsusi karantin rejimi səbəbindən orta və ali məktəblərdə distant (məsafədən) təhsilə keçildi. Bunun üçün ölkədə mexanizm yox idi və hər şeyi tələsik formada təşkil edildi. Bu səbəbdən bir çox çatışmazlıqlar var və tam hüquqlu bir təhsil prosesi haqqında danışa bilmərik.

 

Məsələn, əlilliyi olan məktəblilərin, tələbələrin təhsil almaları üçün əlverişli platforma mövcuddurmu? Bu təbəqədən olan uşaqlar, gənclər necə təhsil alırlar?

 

“Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzi” İctimai Birliyinin rəhbəri Aydın Xəlilov AYNA-ya deyib ki, Azərbaycanda distant təhsilin səviyyəsi qəneedici deyil: “Eksperiment kimi “Skype” vasitəsilə 219 nömrəli ixtisaslaşmış məktəbinin müəllimləri əvvəllər dərslər keçmiş və imtahan götürmüşdülər. Amma başqa məktəblərin bu sahədə təcrübəsi yoxdur. Digər tərəfdən, onlayn dərslərdə iştirak etmək üçün tələbələr kompüter və ya smartfona ehtiyac duyurlar. Həmin vəsaitlərə sahib olmayanların sayı da az deyil və onlar hazırda təhsil prosesindən kənarda qalırlar”.

 

“Düşünürəm ki, dövlət bu problemi həll etməlidir ki, yoxsul ailələrdən olan uşaqlar məktəb proqramından geri qalmasınlar. Yeri gəlmişkən, yuxarıda göstərilən məktəbin şagird-müəllim heyəti, Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında bağlanmış müqaviləyə əsasən ompüterlərlə təmin olunublar ”, - deyə ekspert bildirib.

 

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də AYNA-ya açıqlamasında texniki ləvazimat məsələsini, xüsusilə bölgələrdə kompüter və internet problemini diqqətə çatdırıb: “Bu, onları onlayn təhsil prosesindən uzaqlaşlaşdırır. Məsələ təkcə əlilliyi olanlarla bağlı deyil, bütün şagird və tələbələrlə bağlıdır. Kompüter və internetin olmaması onların hamısı üçün eyni dərəcədə sıxıntı yaradır”.

 

Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova isə görmə qüsuru olan tələbələr üçün zəruri qurğular və internet problemini qeyd edib: “Adətən, əlil uşaqları olan ailələr o qədər də zəngin həyat yaşamır və müasir avadanlıqlar ala bilmirlər. Təxminən, 10 il əvvəl ölkəmizdə kor və görmə qabiliyyəti zəif olanlar üçün distant təhsilin tətbiqi zərurəti barədə danışdıq, çünki onların xeyli faizi üçün bilik əldə etmək üçün bu, ən yaxşı seçimdir. Ancaq dövlət dəstəyinə ehtiyac var - İnternetə qoşulmuş kompüterlər və Azərbaycan dilində nitq sintezatoru kimi vəsaitlər lazımdır, bunların qiyməti o qdərə də  ucuz deyil. Azərbaycanda 15 minə yaxın görmə qüsurlu uşaq var və təhsil almaqda onların dəstəyə ehtiyac var”.

 

“Əl-ələ” Valideynlər Cəmiyyətinin İdarə Heyətinin üzvü və autizmli övlad atası Əhməd Rəhmanov AYNA-ya, oğlunun distant təhsil almağa başladığını, bundan əvvəl belə dərslərin keçirilmədiyini söyləyib: “Ancaq autizmli uşaqlar ilə işləmək çox çətindir, onlar üçün problem bütün diqqəti ekranda cəmləşməkdir. Ancaq oğlumun ilk dərsi nisbətən normal keçdi. Distant tədrisini inkişaf etdirmək vacibdir, çünki bu, yalnız autizmli insanlar üçün deyil, həm də serebral iflici və digər xəstəlikləri olan uşaqlar üçün vacibdir. Paytaxtda yenə də bir yerə gedirlər, evdən çıxırlar, amma kənd və kəndətrafında yaşayan bu cür uşaqlar, demək olar ki, heç evdən çıxmırlar. Heç olmasa, internetdən istifadə edərək təhsil almaq və ünsiyyət qurmaq imkanlarına sahib olmalıdırlar”.

 

Tətbiqi davranış təhlili mütəxəssisi, endokrinoloq Ülkər Nazirova hesab edir ki, distant təhsilin uğuru və ya uğursuzluğu əsasən müəllimdən asılıdır: “Yaxşı bir müəllim dərsi həm canlı, həm də onlayn olaraq izah edə bilər. Əlilliyi olan uşaqlar üçün distant təhsil inkişaf etdirilməlidir, lakin heç bir halda bu, təhsilin əsas forması hesab edilməməlidir”.

Müəllif: Elya Belskaya