Partlayışın gücü evləri silkələyib
Omskda “Qazprom Neft”ə məxsus neft emalı zavodunun ərazisində partlayış baş verib. AYNA rus mediasına istinadən bildirir ki, neftayırma aqreqatlarından biri olan AVT-11-də yanğın başlayıb və yanğının sahəsi 1000 kvadratmetrə çatıb.
“NG55” “Telegram” kanalı yazır ki, yerli sakinlərin sözlərinə görə, zavodda partlayış səsi şəhərin bir neçə yerində eşidilib və onun gücü elə olub ki, “evlər silkələnib”.
Hadisə nəticəsində iki işçi yaralanıb, onlardan birinin əzası qopub, digərinin isə beyini silkələnib. Hadisə yerinə 15 yanğınsöndürmə briqadası gəlib.
Omsk neft emalı zavodu Rusiyanın ən böyük zavodudur və ölkənin ümumi benzin istehsalının onda birini təmin edir. Onun gücü ildə 20 milyon tondan artıq neftdir, işçilərin sayı isə 3,5 min nəfəri ötür.
Zavoddan yanğının baş verdiyi təsdiqlənib. Bildirilib ki, eyni zamanda, neft emalı zavodu “normal rejimdə” fəaliyyətini davam etdirir və yanğın “nəzarət altındadır”.