“Oğlan uşaqlarına şam qoymayın” və ya övladlarımızı necə qorumalı?

Cəmiyyət

06.11.2021 - 20:01

Uşağın gələcəkdə oriyentasiya problemi yaşamaması üçün mütəxəssislərin fərqli məsləhətləri var

Ötən günlərdə yerli pediatorlardan biri sosial şəbəkədə diqqətçəkən paylaşım etmişdi. Bildirmişdi ki, iki yaşından yuxarı oğlan uşaqlarına qızdırmaq salmaq məqsədilə şam qoymaq qəti qadağandır. Həmin uşaqların gələcəkdə şam qoyulması səbəbilə beyinə göndərilən informasiya hesabına cinsi oriyentasiya problemi ilə üzləşə biləcəklərinə dair xəbərdarlıq etmişdi.

AYNA mövzuya dair mütəxəssislərin rəylərini öyrənib.

Uşaq psixoloqu Fərqanə Mehmanqızının sözlərinə görə, bu barədə 8-9 il öncə bilgi əldə edib: “Mən də bir mənbədə bu barədə oxumuşdum. Bir psixoloq kimi bu məsələ mənə maraqlı gəldiyindən məsələni araşdırmağa başladım. Məşhur psixoloq Siqmund Freyd deyir ki, anus xəttində süuraltı qıcıq var. Həmin nahiyəyə də toxunduqda şüuraltıya təsir edir. Nəticədə uşaq yeniyetməlik  yaşına çatanda, bütün hislər oyananda o hiss yaddaşa qayıdır. Beləliklə, uşaqda geylik xəstəliyi yaranır”.

“Tibb elmində də anus qıcıqlarının olduğu məlumdur. O sinir qıcıqları oyananda beyində - şüuraltında qalır. Anal bölgədən həzz almasına bədən ehtiyac duyur”, - deyə həmsöhbətimiz bildirib.

Mehmanqızı bu məsələdə kiməsə xüsusi tövsiyəsinin olmadığını qeyd edib: “Yaxınlarıma, doğmalarıma məsləhət görmürəm ki, 2 yaşdan yuxarı uşaqlara şam qoymasınlar. Amma öz övladlarım xəstələnəndə qəti şəkildə şamlardan istifadə etmirəm”.

Pediator Gnay Rəsulova da oxşar fikirdədir: “Şamın 2 yaşa kimi qoyulması məqəsəuyğundur. Daha böyük yaşda olan uşaqlara mütləq şəkildə siroplar verilməsi tövsiyə olunur”.

Psixoloq, psixoterapevt və seks terapevti Təhmasib Cavadzadə isə məsələyə fərqli yanaşır: “İnsanlar biseksual doğulurlar. Yəni fiziki cəhətdən öz həmcinslərinə meylli ola bilərlər. Buna potensiallıdırlar. Amma uşağın sonradan gey olub-olmamasına şam yox, başqa amillər təsir edir. Analar övladlarını şamdan deyil, qadın məclislərindən uzaq tutsunlar. Qadın məclislərinə çox gedən oğlan uşaqlarında sonradan fiziki geylik yarana bilər”.

“Mən məsləhət görərdim ki, atalar oğullarına daha çox məhəbbət və sevgi bəsləsinlər. Qadınlar ailədə uşaq qarşısında hegemonluq və dominantlıq etməsinlər. Analar oğlan uşaqları qarşısında paltarlarını dəyişməsinlər. Valideynlər uşaq qarşısında mübahisə etməsinlər. Şamdan daha çox ailə münasibətlərinə fikir verilməlidir ki, uşaq psixoloji travma almasın”, - deyə müsahibimiz vurğulayıb.  

Müəllif: Təranə Xudabaxşiyeva