Nəhayət, Zatulin də həqiqəti dedi, amma...

Siyasət

28.11.2022 - 14:18

“Bizim Konstitusiyada bu regionlar cari ilin sentyabrından Rusiya əraziləri olub - bu, mübahisəlidir”

Ermənistanda persona non-qrata elan edilən Konstantin Zatulin növbəti dəfə açıq-aşkar ikiüzlülük nümayiş etdirdi. Bu dəfə Rusiya hakimiyyəti qarşısında. Belə ki, rusiyalı təbliğatçı Vladimir Solovyovun proqramında iştirak edən Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ukrayna ilə münaqişə ilə bağlı bir sıra əyləncəli fikirlər səsləndirib.

Belə ki, “Vladimirov Solovyovla axşam” verilişində dəvət olunmuş ekspertlər Ukraynanın Rusiya ərazilərini təhdid etdiyi halda, Rusiyanın nüvə silahından istifadə edə biləcəyini müzakirə ediblər. Zatulin Rusiyanın hərbi doktrinasının mövcudluğunu xatırladıb, hansında ki, Rusiya dövlətinin mövcudluğuna təhlükə yarandığı halda nüvə silahından istifadəyə icazə verilir.

Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna münaqişəsində Rusiya dövlətinin mövcudluğuna heç bir təhlükə yoxdur. Cavab olaraq, Solovyov özünü qondarma “DXR” və “LXR”, habelə Zaporojye və Xerson vilayətlərinin Rusiyaya “qoşulması ilə bağlı referendumlara” işarə edərək, “Rusiya ərazilərinin Ukrayna tərəfindən işğal edildiyini” iddia edib.

Buna Zatulin cavab verib ki, Rusiya bu torpaqları “öz ərazisi” elan edib, lakin onlar Rusiya ərazisi deyil. Daha sonra Solovyovun Rusiya Federasiyasının hazırkı Konstitusiyasına əsasən, “bizim ərazimizdə müharibə gedir” iradlarına cavab olaraq, Zatulin bildirib ki, reallıq budur ki, “hərbi əməliyyatlar zamanı biz o vaxta qədər müzakirə olunmayan ən azı iki əraziyə (Zaporojye və Xerson vilayətlərini nəzərdə tutur - red.) nəzarəti ələ keçirdik.

“Bizim Konstitusiyada bu regionlar cari ilin sentyabrından Rusiya əraziləri olub. Bu, mübahisəlidir”, - deyə Zatulin bildirib.

Solovyovun bu ərazinin kiminlə mübahisəli olması sualına erməni lobbisinin sevimlisi aparıcını “paralel reallıqda” yaşamaqda ittiham edərək, “təbii ki, Ukrayna ilə” cavabını verib.

Yuxarıdakı sətirlərdən aydın olur ki, Zatulin Rusiyanın “ilhaq etdiyi” əraziləri Ukraynadan işğal olunmuş torpaqlar hesab edir. Lakin Qarabağ məsələsinə gəlincə, həmin Zatulin bu torpaqları bir vaxtlar Rusiya Prezidenti Vladimir Putinin qeyd etdiyi kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi deyil, “müstəqil dövlət” hesab edir.

Hələ 2019-cu ilin martında Zatulin qeyd etmişdi ki, “Artsaxın müstəqilliyinin üstündən artıq xətt çəkmək olmaz”. Zatulin hər fürsətdə deputat statusunu unudaraq Rusiya ictimaiyyətinin qarşısına Rusiyanın erməni diasporunun ona yatırdığı pullar üçün “tər tökərək”, müstəqil təbliğatçı kimi çıxır, həm də cəsarətlə Azərbaycana Qarabağ münaqişəsinin həlli üçün nə etmək lazım olduğunu məsləhət görürdü.

Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərlər edən Zatulin Azərbaycan torpaqlarında yaradılmış separatçı rejimin “müstəqilliyinin tanınması”nın tərəfdarı olduğunu bildirib. Eyni zamanda, Zatulinin arqumentləri o qədər gülünc idi ki, onu asanlıqla Rusiyanın Rostov vilayətinin, əhalisinin yarıdan çoxunu ermənilərin təşkil etdiyi Myasnikovski rayonunu belə, “müstəqil dövlət” elan etməsi “dəlil bazası”na çevirmək olardı.

Amma Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinə gəlincə, Zatulinin cibi erməni pulu ilə doldurulmur və ona görə də Dövlət Dumasının deputatı, hətta Kremlin rəsmi mövqeyinin əleyhinə çıxış etsə belə, həqiqəti deyir. Qarabağla bağlı danışmalı olduğu həqiqəti...

Müəllif: Asif Aydınlı