NATO Zirvəsində: Türkiyənin narahatlıqları, Ukraynaya yardım, Sakit okeana boylanış

Dünya

16.06.2022 - 22:00

“Ankaranın təhlükəsizlik problemləri həll edilməlidir”

Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısı öncəsi çıxış edən Baş katib Yens Stoltenberq İsveç və Finlandiyanın üzvlük müraciətləri ilə bağlı "Türkiyənin təhlükəsizlik problemlərinin həll edilməsi lazımdır" fikrini təkrarlayıb. Bildirib ki, Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları həllini tapmalıdır.

Toplantıdan öncə mətbuata açıqlama verən Stoltenberq Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərindən sonra PKK terror təşkilatı ilə bağlı narahatlıqlarını ifadə etdiyini xatırladıb. Finlandiya və İsveçin PKK-nı terror təşkilatı kimi tanıdığını deyən Baş katib Türkiyənin xüsusi təhlükəsizlik problemlərinin həllinin vacibliyini də vurğulayıb.

Madrid sammitində İsveç və Finlandiyanın dəvətli ölkə statusuna sahib olub-olmayacağı ilə bağlı sualı cavablandıran Stoltenberq etiraf edib ki, “bu məsələ ilə bağlı fikir bildirmək hələ tezdir”. O, istər özündə, istərsə də İsveç-Finlandiya-Türkiyə üçbucağında problemlərin həlli üçün ciddi işlərin görüldüyünü qeyd edərək, Madrid zirvəsinin Finlandiya və İsveçin NATO-ya üzv olması üçün heç vaxt bir mərhələ olmadığını diqqətə çatdırıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-nun Brüsseldəki qərargahında ikitərəfli görüşlər keçirib. O, NATO-nun Baş katibi ilə, İtaliya müdafiə naziri Lorenzo Guerini ilə, Ukrayna müdafiə naziri Oleksii Reznikov və Almaniya müdafiə naziri Kristin Lambrext ilə görüşüb.

“Ərdoğanla danışdıq”

Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdığını açıqlayan Stoltenberq həm İsveç, həm Finlandiya, həm də Ukraynadan taxıl ixracını müzakirə etdiklərini bildirib. Türkiyənin taxıl ixracı ilə bağlı səylərinin nəticə verəcəyinə ümid etdiyini dilə gətirən Stoltenberq bununla bağlı nəticə əldə ediləcəyini söyləməyin hələ tez olduğunu da etiraf edib.

NATO Müdafiə Nazirləri Toplantısının gündəliyinə toxunan Baş katib müttəfiqlərin Ukraynaya silah nəqlini davam etdirmək əzmində olduğunu ifadə edib. Prezident Ərdoğanın da qatılacağı Madrid Zirvə toplantısının gündəmini yekunlaşdıran Stoltenberq NATO-nun hərbi yenidənqurulması, strateji konsepsiyası, müdafiə və çəkindirmə siyasətinin müəyyən ediləcəyini diqqətə çatdırıb.

O, həmçinin Ukrayna və NATO-ya tərəfdaş ölkələrlə əməkdaşlığın dərinləşdiriləcəyini bəyan edib. Bu kontekstdə, sammitdə Sakit okean ölkələrinin nümayəndələrinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakının gözlənildiyini açıqlayıb.

Digər tərəfdən, NATO Müdafiə Nazirləri toplantısından əvvəl ABŞ müdafiə naziri Lloyd Austin NATO-nun qərargahında NATO üzvü və tərəfdaş olan 50 ölkənin müdafiə nazirləri ilə görüş keçirib. İclasda Ukraynaya uzaqmənzilli artilleriya və hava hücumundan müdafiə sistemlərinin çatdırılması ilə bağlı prinsipial qərar qəbul edilib.

Ukrayna təmas qrupuna daxil olan 50 ölkənin müdafiə nazirləri də bu ölkəyə hərbi və maliyyə yardımının davam etdirilməsi ilə bağlı qərarlarını təkrarlayıblar. İki gün davam edəcək müdafiə nazirlərinin toplantısına Türkiyə adından milli müdafiə naziri Hulusi Akar qatılacaq.

Müəllif: Güldener Sonumut

Mənbə: "milliyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli