Modi ardıcıl üçüncü dəfə ölkə hökumətinə rəhbərliyə başlayacaq
Hindistanın Baş naziri Narendra Modi iyunun 8-də and içməyi və ardıcıl üçüncü dəfə ölkə hökumətinə rəhbərlik etməyi planlaşdırır. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Xalq Partiyasındakı (BJP) mənbə bildirib.
Hindistanda keçirilən ümumi seçkilərdən sonra Modinin rəhbərlik etdiyi BJP parlamentdəki yerlərin yarıdan çoxunu qazana bilməyib. Buna görə də, Milli Demokratik Alyansa (NDA) daxil olan digər partiyalarla hakim çoxluq təşkil etməlidir. Alyansın gələcək əməkdaşlığı müzakirə etmək üçün bu gün Yeni Dehlidə görüş planlaşdırılır. Baxmayaraq ki, Modi bir gün əvvəl NDA-nın hökuməti formalaşdıracağını demişdi.
Ümumilikdə, Modi koalisiyası hazırda parlamentin aşağı palatasının yeni çağırışında 293 yerə sahibdir. Son çağırışda BJP 303, NDA isə 543 mandatdan 352-sini qazanıb. 28 partiyanın daxil olduğu müxalifətçi Hindistan Milli İnkişaf Alyansı 234 mandat qazanıb. Alyansın aparıcı partiyası olan Hindistan Milli Konqresi aşağı palatada təmsilçiliyini 53 mandatdan 99 yerə yüksəldib və bununla da müxalifətin mövqelərini gücləndirib.
Müəyyən edilmiş prosedura əsasən, Hindistan Prezidenti Draupadi Murmu Modinin və onun kabinetinin istefasını qəbul etməli və onlardan yeni hökumət formalaşana qədər vəzifəsini davam etdirmələrini xahiş etməlidir. Bu isə qalib partiyanın namizədinə həvalə edilməlidir. Konstitusiyada nəzərdə tutulan bu addımların yaxınlarda həyata keçiriləcəyi gözlənilir.