“Hraparak”: Əgər ictimai narazılıq güclənərsə, bu qrup açıq mübarizəyə keçəcək
“Baş nazir Nikol Paşinyan nəinki Ermənistan Konstitusiyasını dəyişdirmək və sənədin preambulasında Müstəqillik Bəyannaməsinə istinadı aradan qaldırmaq, həm də özünün xəyali dördüncü respublikasının konstitusiyasını sıfırdan yazmaq qərarına gəlib”. AYNA xəbər verir ki, bu barədə “Hraparak” qəzeti hakim “Mülki müqavilə” Partiyasındakı mənbələrinə istinadən yazıb.
Nəşrin yazdığına görə, Paşinyan komandası daxilində bu məsələ ilə bağlı açıq danışmasa da, onun parlamentdəki fraksiyasındakı emissarları mövzu ilə bağlı lobbiçilik etməyə başlayıblar. Bu isə parlamentdə bəzi nümayəndələrinin narahatlığına səbəb olub.
“Son günlər deputatlar fəal şəkildə müsahibələr verir və iddia edirlər ki, Müstəqillik Bəyannaməsi bütünlüklə Ermənistan və ermənilər üçün yaxşı deyi deyil və əsas qanun Ermənistan dövlətçiliyinin bərpası və möhkəmləndirilməsinə xidmət etmir. Amma parlament daxilində bu anti-erməni planına qarşı çıxan və onun qarşısını almaq üçün diqqətlə mübarizə aparmağa çalışan qrup var. Əgər ictimai narazılıq güclənərsə, bu qrup açıq mübarizəyə keçəcək”, - qəzet qeyd edir.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 19-da deyib ki, Ermənistanın hazırkı parlament idarəetmə formasını saxlamaqla yeni konstitusiyaya ehtiyacı var. Onun sözlərinə görə, yeni konstitusiyanın qəbul edilməsi zərurəti dünyada, regionda və Ermənistanın özündə baş verən dəyişikliklərlə əlaqədardır.
Qeyd edək ki, Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də ümumxalq referendumu nəticəsində qəbul edilib. 2015-ci il dekabrın 6-da referendumdan sonra ölkənin əsas qanununa dəyişikliklər edilib. Bununla Ermənistan prezident üsul-idarə formasına malik olan ölkədən parlamentli respublikaya çevrilib.