Volodimir Volya: “Müttəfiqlərlə münasibətlərin pozulması və Ukraynanın məğlubiyyəti ABŞ-ın özünün məğlubiyyəti demək olacaq”
“Amerikalılar ABŞ prezident seçkilərində səs verməklə yanaşı, Konqresin hər iki palatasına nümayəndələr də seçiblər. Konqresə nəzarəti ələ keçirən Respublikaçılar Partiyası Donald Trampın seçkiqabağı vədlərini yerinə yetirməsini təmin edir. Bununla belə, Respublikaçılar Partiyasının tarixi qələbəsi həm də Amerikanın taleyi üçün bütün məsuliyyəti onun üzərinə qoyur”. Bu sözləri ukraynalı siyasi ekspert Volodimir Volya yazdığı analitik məqaləsində qeyd edib.
Analitikin sözlərinə görə, palatanın biri yeni Prezident Trampın təcridçi mövqeyini dəstəkləyir, digəri respublikaçı sabiq Prezident Ronald Reyqanın dövründə olduğu kimi, xarici siyasətə baxış və ABŞ-ın dünyada rolu prinsipləri üzərində dayanır: “Beləliklə, Respublikaçılar Partiyası Konqresin hər iki palatasına nəzarət ələ keçirsələr də, “Amerika uğrunda döyüş” seçicilərin onlara və onların prezidentliyə namizədinə səs verdikləri gün bitmədi. Əsas “döyüşlər” Respublikaçılar Partiyasının daxilində baş verəcək. Onun elitasının nümayəndələri indi bir sıra məsələlərdə öz aralarında mübarizə aparmalı olacaqlar: məsələn, ABŞ-ın müttəfiqsiz qalacağı, Trampın ticarət müharibələrinin Çin və Rusiya arasında daha da yaxınlaşmasına səbəb olub-olmayacağı, yoxsa Səudiyyə Ərəbistanının bu ölkədən çıxması, anti-İran koalisiyası və bir çox başqa məsələlərlə bağlı”.
“İndi biz müəyyən nüansların aydınlaşacağı mərhələni gözləməliyik: Tramp seçki mitinqləri zamanı dediyi kimi, hər vədini yerinə yetirəcəkmi, Trampla respublikaçılar arasında xarici siyasət məsələlərində razılaşmalar varmı, beynəlxalq məsələlərə daha balanslı yanaşılacaqmı? Yaxud da, Ukraynanı dəstəkləyən respublikaçılarla razılaşmalar nəticəsində bu cür münasibətlərə yenidən baxılması əvəzinə ABŞ-ın müttəfiqləri ilə münasibətlərinin gücləndirilməsinə üstünlük veriləcəıkmi?”, - ekspert sual edir.
Volya hesab edir ki, başqa böyük risklər də var: “Onlardan biri Trampın Putinə hansısa təkliflə yanaşması və Putinin Trampı danışıqlara cəlb etməsidir. Amma bu cür danışıqlara başlamaq üçün hər kəs öz şərtlərini irəli sürə bilər. Məsələn, Ukraynaya hərbi yardımın dayandırılması şərti. Belə danışıqların nəticəsiz başa çatacağını söyləmək mümkün olsa da, Tramp bəzi siyasi problemlərinin həllinə kömək edərsə, bununla razılaşa bilər”.
“Digər risk ABŞ-ın yeni büdcəsinin qəbul edilməsidir. Büdcə prosesi zamanı vəsaitin hara ayrılacağı ilə bağlı mübahisələr yarana bilər. Məsələn, bəzi respublikaçılar israr edir ki, sərhədin möhkəmlənməsinə, müttəfiqlərə və tərəfdaşlara - Ukrayna və ya İsrailə - kömək etmək lazımdır. Belə bir “mübarizə” hətta kimin daha çox yardım alması – Ukraynanın, yoxsa İsrailin məsələsi üzərində də uzana bilər”, - Volya əlavə edib.
Analitikin qənaətincə, müttəfiqlərlə münasibətlərin pozulması və Ukraynanın məğlubiyyəti ABŞ-ın özünün məğlubiyyəti demək olacaq: ““Amerikanı yenidən möhtəşəm etmək” əvəzinə, biz tamamilə fərqli problemləri həll etməli olan Amerika görəcəyik. Ona görə də indi ABŞ rəhbərliyinin gələcək taleyi respublikaçılardan asılıdır”.