Yuri Şvıtkin: “Biz sərhədlərimizin təhlükəsizliyini təmin etməliyik”
Rusiya Finlandiya ilə sərhədi möhkəmləndirmək və özünü Şimali Atlantika Alyansından (NATO) qorumaq üçün Leninqrad Hərbi Dairəsini yenidən yaratmaq niyyətindədir. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin deyib.
“Biz sərhədlərimizin təhlükəsizliyini təmin etməliyik. Və əlbəttə ki, Finlandiya ilə sərhədi. Leninqrad Hərbi Dairəsinin yaradılması ilk növbədə bu şərtlərlə diktə edildi. Bu baxımdan, təbii ki, ölkəmizin təhlükəsizliyini, sərhədlərimizin təhlükəsizliyini təmin edəcək müvafiq hərbi birləşmələrin cəmləşməsi olacaq”, - deyə deputat sərhədlərin möhkəmləndirilməsinin hədəf olduğunu qeyd edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişində deyib ki, Moskva öz qoşunlarını Leninqrad Hərbi Dairəsinin Finlandiya ilə sərhədində cəmləşdirməyə məcburdur. Onun sözlərinə görə, bu, qonşu ölkənin NATO-ya üzv olması ilə bağlıdır. Dövlət başçısı qeyd edib ki, əvvəllər Helsinki ilə münasibətlər həmişə mehriban olub.
Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. Onlar bunu Moskva ilə Kiyev arasında hərbi münaqişənin başlanmasına görə ediblər. Helsinki 2023-cü ilin aprelində rəsmi olaraq NATO-ya üzv olub. İsveç Türkiyə ilə fikir ayrılıqlarına görə hələ də Alyansa qoşula bilməyib.