“Qərb qoşunları Əfqanıstandan çıxmağa başladığından bəri, artıq gördüyümüz böyük miqrant axını ehtimalı var"
Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis Belarus ilə birlikdə Rusiyanı miqrant axınında maraqlı olmaqda günahlandırıb. AYNA xəbər verir ki, nazir bu barədə “Euractiv” nəşrinə danışıb.
Söhbət Yaxın Şərq və Afrika ölkələrindən Minskə gələn və daha sonra Belarus-Litva sərhədini qanunsuz keçməyə çalışan qaçqınlardan gedir.
XİN başçısının sözlərinə görə, Əfqanıstandakı vəziyyətdən öz maraqları üçün istifadə edən Rusiya koordinasiyaların arxasında dura bilər.
“Qərb qoşunları Əfqanıstandan çıxmağa başladığından bəri, artıq gördüyümüz böyük miqrant axını ehtimalı var", - deyə nazir bildirib.
Rusiyanın Litvadakı səfirliyi artıq Landsberqisin açıqlamasına cavab verib. Səfirlik nazirin bütün ittihamların əsassız olduğunu açıqlayıb.
Qeyd edək ki, 2 iyulda Litva hökuməti Belarus ərazisindən ölkəyə gələn qeyri-qanuni miqrant axını səbəbiylə fövqəladə vəziyyət tətbiq edib. Litva sərhədçilərinin bildirdiyinə görə, bu miqrantların sayı 2020-ci ilə nisbətən 20 dəfədən çox artıb.