“Mina xəritələri revanşist hərbçilərin əlində ola bilər”

Aktual

25.06.2021 - 10:18

“Azərbaycanda əsir olan ermənilərin həyatına təhlükə yoxdur, lakin mina xəritələrinin qarşı tərəfə verilməməsi azərbaycanlıların həyatını təhlükəyə atır”

 

Avropa Şurasının Baş katibi Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etməsinin vacibliyini bəyan edib. Maria Peiçinoviç-Buriç başa çatan münaqişə zonasında mina sahələrinin insanların həyatına böyük təsir göstərdiyini deyib.

 

“Unutmamalıyıq ki, xəritələr əldə etmək və ərazini minalardan təmizləmək çox vacibdir. Əks təqdirdə, insanlar ora qayıda və orada yaşaya bilməyəcəklər”, - deyə o bildirib.

 

Bu yaxınlarda Azərbaycanla Ermənistan tutulan diversantların və xəritələrin mübadiləsini alqışlayan Baş katib gələcəkdə belə addımların atılacağına ümidvar olduğunu qeyd edib.

 

Görəsən, Paşinyan bu sözləri eşitmək istəyəcəkmi? Prinsipcə, seçkilərdə qalib gəldikdən sonra, hələ də Bakıda saxlanılan diversantların xəritələrlə mübadiləsi prosesini davam etdirməsinə heç nə mane olmamalıdır. Əsir götürülən erməni hərbçilərinin sayı onlarladır və ehtimal ki, bu rəqəm Ermənistanın Azərbaycanın azad edilmiş bütün ərazilərindəki mina xəritələrini dəyişməsi üçün yetərlidir.

 

Bu, özlüyündə dəhşətli səslənir, amma praktika göstərir ki, İrəvan ölümcül minaların yeri barədə məlumatları başqa bir şəkildə vermək istəmir. Yaxşı, belə olsun. Sual olunur: Nikol bu prosesi davam etdirməyə gedəcəkmi? Yoxsa müharibədən sonrakı 7 ayda olduğu kimi, bu məsələni süründürməyə çalışacaq?

 

AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar.

 

Almaniyalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksandr Rar:

Александр Рар: «Азербайджан привлек на свою сторону многих европейских  политиков» - эксклюзив — Haqqin

“Azərbaycanın yerində olsaydım, Paşinyanı danlamazdım, onu daha da çətin vəziyyətə salmazdım. Seçkiləri qazandı və bu, çox vacibdir. Əslində, obyektiv olmaq üçün etiraf edilsə, işğal olunmuş torpaqların Azərbaycana təslim edilməsi onun məsuliyyətidir, müharibədə məğlub olsa da, seçkilərdə qalib gəldi. Mənə elə gəlir ki, o, hələ də Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı danışıqlarda Azərbaycanın tərəfdaşıdır. Dürüstcə xalqın mandatını aldı və buna Azərbaycan da daxil olmaqla hörmət edilməlidir.

 

Mənə elə gəlir ki, indi həqiqətən Avropa Şurası rəhbərliyinin tövsiyələrini yerinə yetirməli, minalar barədə məlumat mübadiləsi etməli və AŞ-nin tələb etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair daha çox razılaşmaya getməlidir”.

 

Rusiyalı politoloq, “PolitRUS” ekspert və analitik şəbəkəsinin qurucusu Vitali Arkov:

Oxu.az - Vitali Arkov: “Ermənistanın hazırkı rəhbərliyi ifrat dərəcədə  həddini aşıb” - MÜSAHİBƏ

“Bakının 2020-ci ilin payızında hərbi əməliyyatlar zamanı geri qaytardığı, İrəvanın əvvəllər müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarındakı minalanmış ərazilərin xəritələrinin verilməsi, həqiqətən də qonşu dövlətlərlə dinc yanaşı yaşamağı hədəfləyirsə, Ermənistan rəhbərliyinin əsas addımlarından biridir. Ehtimal edirəm ki, rəsmi (mülki) İrəvanın belə bir istəyi var, amma hələlik imkanı yoxdur. Hətta, mina xəritələri təxribat həyata keçirməyə cəhd edərkən ələ keçirilmiş və Bakıda olan erməni xüsusi təyinatlıları və digər şəxslərlə dəyişdirilsə də.

 

Axı, heç bir şey insanın həyatından əziz deyil, baxmayaraq ki, bu erməni vətəndaşlarının həyatını Azərbaycanda heç bir şey təhdid etmir. Ancaq bu xəritələrin azərbaycanlı istehkamçılarda olmaması ərazilərin minalardan təmizlənməsi prosesini xeyli ləngidir, nəticədə həm hərbçilər, həm də mülki şəxslər ölürlər - peşə borcunu yerinə yetirən jurnalistlər də daxil olmaqla.

 

Beləliklə, xəritələrin verilmə imkanının olmaması barədə:

 

Birincisi, əvvəllər də dediyim kimi, qondarma “DQR Müdafiə Ordusu”nda (əslində, Ermənistan Silahlı Qüvvələrinin bölmələri) baş verən və yaşanmağa davam edən xaosla ehtimal etmək olar ki, onlarda mina yerləşdirilməsi prosesinə müvafiq nəzarət yox idi. Yəni xəritələr ya itirilib, ya da “Baş Qərargah”a və Ermənistan Müdafiə Nazirliyinə təhvil verilib. Deməli, indi onlar Nikol Paşinyana qarşı müxalifətdə olan və revanşa can atan komandirlərin əlindədir.

 

İkincisi, daha realist variantdır: xəritələrin hamısı erməni generalitetinin əlindədir, amma hamı Baş Qərargah rəisi ilə olan hadisədən də bəlli olduğu kimi, onların Baş nazir Paşinyan və ətrafındakılarla münasibətləri bəllidir. Yəni, minalanmış ərazi xəritələrinin ölkənin mülki rəhbərliyinə verilməməsi üçün təxminən eyni səbəblər və hədəflər ortadadır. Nəticə etibarilə, bu vəziyyət (yəni Ermənistan Silahlı Qüvvələri faktiki olaraq onun nəzarəti altında deyil) Paşinyanı Bakıdakı həmkarının gözündən salır və Bakı ilə İrəvan arasında barışıq müqaviləsinin imzalanmasını qeyri-müəyyən müddətə təxirə salır”.

 

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

Rasim Musabəyov səs itirdi - Oxu.az

“Avropa Şurasının Baş katibi, minalanmış ərazilərin xəritələrinin bütün erməni əsirlərinin dərhal geri qaytarılmasından daha vacib olduğunu söyləməkdə haqlıdır. Axı, həbsdə olsalar da, həyatlarını və sağlamlıqlarını heç bir şey təhdid etmir. Minalara yüzdən çox azərbaycanlı düşüb - onlardan 28-i ölüb, qalanları ağır yaralanıb.

 

Əminəm ki, Paşinyan hökuməti ilə bu mövzuda dialoq davam edəcək. Azərbaycan elan edilmiş atəşkəsdən sonra saxlanılan  erməni hərbçilərinin geri qaytarılması məsələsini “hamının hamıya” prinsipi ilə əsirlərin dəyişdirilməsi məsələsindən təsadüfən ayırmayıb. Azərbaycan ədalətinin əlindəki erməni hərbiçilərinin və muzdlularının fərqləndirilməsi davam edəcək. Onlardan Azərbaycan ərazisindəki hərbi cinayətlərdə birbaşa iştirakı olmayan şəxslər sərbəst buraxıla bilər, ancaq birtərəfli deyil, İrəvanın müəyyən tələbləri yerinə yetirməsi şərti ilə. Bunlar arasında digər azad edilmiş ərazilərdəki minalanmış ərazilərin xəritələrinin verilməsi, qalan Ermənistan hərbçilərinin Qarabağ ərazisindən çıxarılması və ora yeni əsgər və zabitlər göndərməmək öhdəliyinə əməl olunmasıdır.

 

Əminəm ki, digər problemlər barədə razılıq əldə edildikdə və böyük bir sülh razılaşması olduqda, xoşməramlı bir jest olaraq, məhkum hərbi məhbuslar üçün əfv mexanizmi ilə bir həll yolu da tapıla bilər. Bununla birlikdə, məsələlər birtərəfli qaydada bildirilən tələblər və beynəlxalq təzyiqlərin təşkili yolu ilə deyil, dialoq və qarşı tərəfin tələblərinin vicdanla qəbul edilməsi və uzlaşma yolu ilə həll edilə bilər. Prezident İlham Əliyevin və xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi. Bakı belə bir dialoqa və güzəştə getməyə hazırdır. Nikol Paşinyanın yeni bir hökumət, tam hüquqlu Xarici İşlər Nazirliyi və danışıqlar qrupunu nə zaman quracağını gözlərmək qalır”.

Müəllif: Rauf Orucov