Qarabağdan uzaqda: 7 kənd, 7 min köçkün və 7-dən 77-yə qətliam

Aktual

19.10.2020 - 23:52

Həkimlər Klinikalar SEO Xidməti

İndi bu istiqamətdə hərəkətə keçməyin tam zamanıdır - real şərait yaranıb

 

Qarabağın dağlıq hissəsi və onun ətrafındakı rayonlardan fərqli olaraq, Qazax rayonunun işğal altında olan 7 kəndinin heç birinin adı çox zaman çəkilmir. O kəndlərin 7000-ə yaxın əhalisi didərgin düşüb. 

 

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayaraq, digər bölgələri də əhatə edir. Dağlıq Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı. Həmin dövrdə Sovet hökumətinin qərarına əsasən, Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alındı. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qaldı. Rayonun milis şöbəsində cəmi 7 ədəd avtomat saxlanıldı ki, bu da güclü silahlarla təchiz edilən ermənilərin hücumlarının qarşısının alınmasını mümkünsüz edirdi. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaratdı.

 

Bağanis Ayrım - Coğaz çayının sahilindədir. Keçmiş adı Seyid Ayrımdır. Yaşayış məntəqəsi, ayrımların seyidli qoluna mənsub ailələr keçmişdə mövcud olan Bağanis kəndi yaxınlığında salındığı üçün belə adlandırılıb. Seyidlilər 19-cu əsrin əvvəlində 108 ailədən ibarət tayfa olublar. Toponim “Bağanis kəndi yaxınlığındakı Ayrım kəndi” mənasında işlədilir.

 

Qazax rayonu Ermənistanla 168 km-lik sərhəd zolağına malikdir. Qarabağ müharibəsinin ilk günlərindən çox əvvəl döyüşlərə hazırlıq görən Ermənistan silahlı birləşmələri Qazax rayonunun həmsərhəd kəndlərində yaşayan dinc əhalini mütəmadi atəşə tutur, evləri yandırır, mal-qaranı tələf edir və ya oğurlayırdılar.

 

Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal etdi. Əli silahlı ermənilər keçmiş sovet ordusunun hərbçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə Bağanis Ayrım kəndinə soxuldular. Martın 24-ü səhər saatlarında isə kənd erməni silahlıları tərəfindən işğal olundu.

 

İşğal zamanı kəndin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməyən divan tutulub. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Sadəcə onu qeyd edək ki, faciə zamanı ermənilər bir ailənin 39 günlük körpəsindən 79 yaşına qədər 5 üzvünü diri-diri yandırıblar (Bu haqda daha ətraflı Qənirə Paşayeva və Akif Aşırlının "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabında və Tural İrfanın "Kamikadze-1" sənədli romanında qeyd edilib).

 

1990-cı ilin martında işğal olunan Bağanis Ayrım kəndinin sakinləri öz doğma yurd-yuvalarından didərgin düşdülər. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşıblar. Qazaxın bu qədim kəndi erməni silahlı birləşmələri tərəfindən 1990-cı ilin martın 23-dən 24-nə keçən gecə Sovet ordusunun dəstəyi ilə yandırılıb, insanlar diri-diri ot tayalarına atılıb, işgəncələrə məruz qoyulub.

 

Bir ailə qətlə yetirilib, 7 nəfər insanlığa sığmayan işgəncələrə məruz qalıb, ümumilikdə hücum zamanı bir neçə saat ərzində 11 nəfər öldürülüb. Kiçikdən böyüyə... insanlar diri-diri ocağa atılıb. 17 ev oda verilib, 11 ev qarət edilib. Faciəni törədən 18 erməni barəsində cinayət işi açılıb, İnterpol vasitəsilə axtarışa verilib.

АРМЯНСКИЙ ВАНДАЛИЗМ: азербайджанские памятники, находящиеся в плену

Xeyrimli - Gəncə-Qazax düzənliyindədir. Keçmiş tam adı Dil Xeyrimlidir. Toponim dili Xeyrimli tayfasının adından götürülüb.

 

1990-cı ilin martından 1992-ci illin martına qədər kiçik miqyaslı atışmalar olsa da, işğal hadisəsi baş vermədi. Lakin 1992-ci ilin martın 8-də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edildi. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli oldu.

 

Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başladı və 4 gün davam etdi. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq düşmənə qarşı bir nəfər kimi əliyalın da olsa, döyüşdülər.

 

Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmiryolu xətti də ermənilər tərəfindən partladıldı. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra, aprelin 27-də işğal edildi. Ağır döyüşlərdə 7 nəfər kənd sakini şəhid oldu, 3 nəfəri isə ağır yaralandı. Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırıldı.

 

Sahədə öz mal-qarasını və qoyunlarını otaran iki nəfər kənd sakinini ermənilər güllə ilə vurdular. Onlardan biri 9-cu sinifdə oxuyurdu, o biri isə orta yaşlı bir kişi idi. Köhnə ov silahına sarılan kənd camaatı düşmənə müqavimət göstərirdi. 

 

Barxudarlı – dağətəyi ərazidədir. Kəndi Barxudarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanıb. Nəslin adı fars dilindəki bərxurdar - “arzusuna yetişən, xoşbəxt” sözündən əmələ gəlib.

 

Sofulu – yaşayış məntəqəsinin adı əvvəllər Zəngəzur və Qazax qəzalarında yaşayan Kəngərlilərin Sofulu tayfasının adı ilə bağlıdır.

 

Qeyd olunan işğallar Qazax rayonunda özünümüdafiə dəstələrinin formalaşmasına səbəb oldu. Rayon erməni işğalçıları ilə düyüşlərdə yüzlərlə yaralı və 263 nəfər şəhid verdi, çox sayda insan əlil oldu. 5 nəfər Qazax rayon sakini "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adına layiq görüldü. Çətinliklərə baxmayaraq, Ordumuzun əsgərləri düşmənin irəliləməsinin qarşısını aldılar. Düşmənlə yaxın təmasda olan bir çox kəndlərin əhalisi müqavimət göstərib öz dədə-baba yurdlarını tərk etmədilər.

 

Hazırda, əhalisi, əsasən əkinçilik və maldarlıqla məşğul olan işğal altındakı 7 kəndin 7 mindən çox əhalisi Qazax rayonu ərazisinin müxtəlif yerlərində məskunlaşıb və məcburi köçkün həyatı yaşayır.

 

Ermənilərin ərazilərimizə qarşı təcavüzü indi də davam edir. Sərhəd kəndlər yenə də daim atəşə tutulur. 

 

Yuxarı Əskipara – dağətəyi ərazidədir. Keçmiş adı Əskiparadır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırıldı. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır.

 

Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılıb. Təkcə Yuxarı Əskipara kəndində V-VII əsrlərə aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrdə inşa edilən Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhərgah qalası və s. yerlə-yeksan edilib. Digər işğal edilən kəndlərdə də belə dağıdılan tarixi mədəniyyət abidələri az deyil.

Aşağı Əskipara

Qazax rayonunun işğal olunan ərazilərində mövcud olan təbii sərvətlər də tarixi mədəniyyət abidələri kimi qəddarlıqla dağıdılır və talan olunur. Sərhəd boyunca yerləşən meşə sahələrində qiymətli ağac növləri: palıd, fıstıq, vələs, dəmirağac, ağcaqayın və s. ağaclar erməni işğalçı ordusu və orada yaşayan erməni əhalisi tərəfindən məhv edilir.

 

Qızıl Hacılı - yaşayış məntəqəsinin adı Qızılhacılı tayfasının adından götürülüb.

 

Qazax Ərazi Ekologiya və təbii sərvətlər şöbəsinin balansında dövlət meşə fonduna daxil olan 45359 hektara yaxın meşə ərazisindən, əksər hissəsi dağ meşələri qrupuna aid olan meşə fondunun 2224 ha ərazisi hazırda ermənilərin işğalı altındadır. Həmin meşə sahələrində Ermənistan Respublikasının hərbçiləri yerləşdirilıb. Meşələrin mühafizəsi demək olar ki, müəssisəsinin nəzarətindən çıxdığına görə, orda baş verənlərə məsuliyyəti birbaşa Ermənistan hökuməti daşıyır.

 

Hazırda qiymətli ağac növləri ilə zəngin olan həmin meşələrin erməni işğalçıları tərəfindən kütləvi şəkildə qırılaraq talan edilməsi davam edir. Ermənistanla 168 km-lik sərhəd boyunca yerləşən meşə sahələrində qiymətli ağaclar erməni işğalçıları və orada yaşayan erməni əhalisi tərəfindən qəddarcasına qırılaraq daşınır. Bu haqda dəfələrlə ərazidə olan hərbi hissənin rəhbərliyi ilə birlikdə aidiyyəti qurumlar aktlar tərtib edərək aidiyyatı orqanlara təqdim ediblər. Meşələrin qırılması nəticəsində həmin ərazidəki torpaqlar eroziyaya uğramağa başlayıb, mənbəyini həmin meşələrdən götürən bulaqlar quruyur və içməli suya olan təlabat artmaqda davam edir.

 

Aşağı Əskipara - yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağının ətəyindədir.

 

1971-ci ildə Respublikamızın qərbində, Ermənistan Respublikası ilə sərhəddə 120 min m3 su tutan Ağstafaçay su dəryaçası tikilərək istifadəyə verilib. Bəndin hündürlüyü 52 m, uzunluğu 2 km-dir. Dəryaçadan iki kanal 12,5 km uzunluğunda sol sahil kanalı və 63 km uzunluğunda sağ sahil kanalı başlanır. Dəryaça 70 min ha sahəni suvarmaq üçün nəzərdə tutulub. Dəryaçanın suyundan içmək üçün də istifadə olunur. Ağstafaçay su dəryaçası Ermənistandan gələn çayın suyu ilə qidalanır. Müxtəlif zamanlarda götürülən su nümunələrinin analizlərinin nəticələri göstərir ki, suda fenol və misin miqdarı normadan 5-10 dəfə artıq olur. Deməli, Ermənistan tərəfi bilərəkdən içməli su hövzələrini çirkləndirərək beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozur. Ermənistanda yerləşən müxtəlif sənaye müəssisələrinin, o cümlədən İcevan rayonundan tütün fermentasiya, bentonit, iki şərab, yağ-pendir zavodunun, dəri aşılama fabrikinin, Dilicanda yerləşən hərbi zavodun (KOD radio) sənaye və məişət çirkab sularının Ağstafaçay su dəryaçasını qidalandıran çaya axıdıldığını sübut etməyə ehtiyac belə, yoxdur.

 

Ermənistanın işğalçı ordusu Qazax rayonuna çox ziyan vurub və bu gün də vurmaqda davam edir.

 

Son günlərdə mənfur düşmənin yenidən Tovuz istiqamətində aktivləşməsi və təxribatı nəticəsində rəşadətli ordumuzun qəhrəman döyüşçüləri, generalımız, polkovnikimiz, mayorlar, əsgərlər, hətta, mülki vətəndaşlar belə, şəhid edildi. Artıq görünən odur ki, erməni təcavüzünün hədəfi - diqqəti Qarabağdan başqa istiqamətlərə yönəltmək və təcavüzkar niyyətlərini indi də digər rayonlarımız üzərində həyata keçirməkdir. Ancaq ordumuz kifayət qədər güclüdür və düşmənin hər bir mənfi niyyətinin qarşısını böyük əzmlə almaqda davam edir.

Tarix bu sirri hələ kimsəyə açmayıb

Lakin qeyd edilməlidir ki, Qazaxın bu işğal olunan rayonlarının Qarabağa qətiyyən aidiyyəti olmadığı üçün, bu kəndləri elə məhz indiki şəraitdə fürsətdən istifadə edərək azad etməyin tam zamanıdır. Bunu beynəlxalq təşkilatlar da, bütün dünya da bilir ki, Ermənistan təcavüzkar dövlətdir və bu kəndləri heç bir səbəb olmadan, yalnız öz işğalçı siyasətləri nəticəsində talan edib, işğal ediblər. Madam ki, düşmən özü təxribatı Tovuz-Qazax istiqamətində başladıb, bu halda ona ən böyük dərs və cavab bu 7 kəndin azad edilməsinə nail olmaq olardı.


Qeyd edim ki, həmin kəndlər işğal ediləndə biz yaxınlıqda yerləşən Dəmirçilər kəndində yaşayırdıq və o atəş səslərini, başımızdan qrad və top mərmiləri yağdığı günləri böyük psixoloji sarsıntı ilə xatırlayıram. Çünki o kəndlər işğal olduqca düşünürdük ki, növbəti kənd bizimki ola bilər. 7-8 yaşım olsa da, artıq o ağrılı günlər adiləşmişdi bizim üçün. 80 yaşlı nənəm hər gün tapşırırdı ki, "bax, birdən kəndi tərk edərsiniz, sizi bağışlamaram, bir dəfə ermənilər bizi dədə-baba elimizdən (Qərbi Azərbaycandan) çıxarıb, daha buradan da heç yerə getmək yoxdur. Burada öləcəyik, ancaq kəndi tərk etməyəcəyik".


Kənddən bir ailə, bir nəfər belə, çıxmadı, baxmayaraq ki, hər gecə düşmənin kəndi alacağını gözləyirdik. Qrad, top, tank mərmilərinin səsi hələ də qulağımdadır. Göydən od yağırdı. O zaman bizim yaşadığımız kənd Qazax rayon mərkəzi ilə Ermənistan arasında, dağ ətəyində yerləşdiyindən, düşmən yüksəklikdən atdığı mərmiləri kəndə tuş gətirə bilmirdi və başımızın üstündən mərmiləri rayon mərkəzinə yağdırırdı. Qonşu erməni kəndi Lələkənddə 40-a yaxın əsgərimizin şəhid olduğunu gözümlə görmüşəm. 4 saata yaxın təpədən baxdım, ağ-qara tüstü göyə yüksəlirdi. Kəndin boş olduğunu zənn edən hərbçilərimiz kəndə daxil olarkən evlərdə, zirzəmilərdə, çardaqda gizlənən ermənilər onları pusquya salmışdı, arxadan da kömək getmədiyi üçün hamısını qırdılar. Şəhid olanların əksəriyyəti qohumlarımız, yaxınlarımız, qonşularımız idi... Uzun müddətdən sonra onların meyitlərini sellofana bükülmüş vəziyyətdə ermənilərdən əsirlərlə dəyişib almışdılar.


Yəni, o ağrılı günlər bu gün də gözümün ödündən getmir və işğalda olan həmin 7 kəndin azad olunması üçün labüd və real şəraitin yarandığını hesab edirəm. Odur ki, arzu və təklif edərdim ki, o kəndlərin azad edilməsi istiqamətində düşünülsün. 

 

Tural İrfan,
yazar

Müəllif: Ayna.az