Milyon dollardan imtina edən insanı başa düşmək cəhdləri

Cəmiyyət

20.01.2020 - 20:00

Və ya minilliyin digər altı məsələsi həll olunmamış qalır

 

Yaxşı yadımdadır, böyük qızım məktəbə getməyə hazırlaşırdı. Günlərin bir günü ona “Müəllimin dediklərini başa düşərək qəbul et, hər deyilənlə o dəqiqə razılaşma”, - dedim və özüm də bilmədən nə üçünsə “iki üstəgəl iki də dörd etməyə bilər bəzi hallarda”, - deyərək əlavə etdim. Dilarə təəccüblə üzümə baxdı. Hiss etdim ki, sonuncu cümlə onun marağına səbəb oldu.

 

Bu söhbəti artıq unutmağa başlayırdım ki, bir də gördüm o, bir nəlbəki və su ilə dolu pipetka - qarşımda dayanıb. “Ana, bax, indi görəcəksən ki, iki damla üstəgəl iki damladan bir damla əmələ gəlir”, - deyib bunu sevinclə nümayiş etdirdi. Bu hadisə mənə Aristotelin “təfəkkür təəccübdən başlayır” hikmətli kəlamını xatırlatdı və bir daha anladım ki, təəccüb hissi və ondan əmələ gələn maraq insanı dərin düşüncəyə sövq edə bilər. 

 

Müasir insanları təəccübləndirmək çətindir. Onların bir qismi həddindən artıq məlumatlıdır (və ya hər şeyi bildiyini düşünür) və həyatda, texnologiya aləmində insan ağlına gələ bilən hər bir şeyin ola biləcəyinə mənən hazırdır. Digər bir qismini isə gündəlik həyat qayğıları o qədər yorub və biganələşdirib ki, təəccüblənməyə belə, sanki taqəti qalmayıb. Onlar hər şeyə laqeydliklə yanaşaraq “nə olsun?” deyib keçənlər, təəccüb hissiylə bərabər digər hisslərini də itirə-itirə gedənlərdir. Marağın olmaması bəzən bilgisizlikdən də gələ bilər.

 

Məsələn, “üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmaya da bilər” fikrini o insan maraqla qarşılayar ki, o, Evklid həndəsəsində üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcə olması faktını bilir. Yadımdadır, birinci kursda oxuyarkən unudulmaz riyazi analiz müəllimimiz Məhəmməd Tağıyevın “hər yerdə kəsilməz olub, amma heç bir nöqtədə törəməsi olmayan funksiya mövcuddur” deməsi məni heyrətə gətirmişdi və uzun müddət bu funksiyanı xəyalımda canlandırmağa çalışmışdım. Kəsilməzlik və törəmə anlayışlarını təzə-təzə anlayırdım o vaxtlar... Və ya başqa maraqlı bir fakt - (0, 1) intervalındakı rəqəmlər çoxluğunun gücü bütün ədəd oxundakı ədədlər çoxluğunun gücünə ekvivalentdir! Təəccüblüdür, elə deyilmi?

 

On il əvvəl, daha dəqiq desəm, 2010-cu ilin iyul ayında milyonlarla insanın təəccübünə səbəb olan, az qala şoka salan bir hadisə baş verdi. Dünyanın kütləvi informasiya vasitələrində belə bir məlumat yayıldı ki, Puankare hipotezini isbat etmiş rus riyaziyyatçısı Qriqori Perelman vəd olunan milyon dollardan imtina etdi. Suallar çox idi: Puankare hipotezinin mahiyyəti nədir, nə üçün onun isbatına bu qədər pul ayrılıb və onun həlli dünyaya nə verəcək?

 

Amma əsas sual bir idi: Niyə ağlı başında olan və pula ehtiyacı olan bir insan milyon dollardan imtina etsin? Axı o, bu mükafatı haqq etmişdi! Ən parlaq zəkaların üzərində 100 ildən artıq çalışdığı bir məsələni həll etmişdi! Görəsən, puldan və şöhrətdən daha vacib nə idi Perelman üçün? Onu dəli adlandıranlar da oldu, bunun diqqət cəlb etmək üçün edildiyini düşünənlər də, “pulu alıb kasıblara paylayaydı”, - deyənlər də.

 

Düzdür, o zamana qədər Nobel mükafatından imtina edən bir neçə nəfərin adını eşitmişdim. Amma o xəbərlər bu qədər kütləviləşməmişdi və yəqin ki, buna görə böyük rezonans doğurmamışdı cəmiyyətdə.  Qapalı həyat keçirən Perelmanın susqunluğu, imtina səbəbini açıq bildirməməsi onun bu hərəkətini özlüyündə həlli bu günə qədər tapılmayan bir məsələyə çevirdi. Bir çox hallarda elmi dərəcələrin, elmi adların şan-söhrətə, epitafiyalara, əlavə qazanc mənbəyinə çevrildiyi, əlində az-çox imkanı olanların, vəzifəli insanların elmlər doktoru, hətta akademik olmaq istədikləri cəmiyyətimizdə bu hadisəni başa düşmək daha çətin idi.

 

Nə gizlədim, bu hadisə mənim də marağıma səbəb oldu və suallara cavab tapmaq üçün Perelman haqqında internetdə ara-sıra çıxan materiallarla vaxtaşırı tanış olurdum. Bu yaxınlarda çox hörmət etdiyim İbrahim Nəbioğlunun Perelman haqqında “Facebook” paylaşımı olanları bir daha yadıma saldı, mən də oxuyub-öyrəndiklərimi, bəzi fikirlərimi bölüşmək istədim... 

 

Başlayaq hadisənin başlandığı dövrdən. Fransız alimi Anri Puankare və onun məşhur hipotezi. Əslində bunlar başqa bir yazının mövzusudur. Amma mənzərəni tam təsəvvür etməyimiz üçün qısa da olsa, bəzi məqamlara toxunacam.

Ayna.az