Tarixçi: “28 may tarixinin Müstəqillik Günü kimi qeyd olunmasını həmin tarixin əzəmətinə kölgə salan hadisə kimi dəyərləndirirəm”
Deputat: “Bu, bütün dünyaya bir mesaj olacaq ki, bizim müstəqillik tariximiz 1918-ci ildən başlayır”
İndiyə kimi Azərbaycanda 28 may Respublika Günü, 18 oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilirdi. Lakin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsində 28 may tarixinin Azərbaycanda Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü olması təklif olunur.
Mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsinə belə aydınlıq gətirilib: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan öz müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib”.
Eyni zamanda qeyd edilib ki, 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur: “Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir”.
Sözügedən dəyişikliklə bağlı fikirlərini AYNA ilə bölüşən tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova buna lüzum görmədiyini söyləyib: “1991-ci il oktyabrın 18-də Konstitusiya Aktında Azərbaycanın dövlət müstəqilliyinin bərpası həyata keçirilib və konstitusiya aktında da bu, belə təsnif olunub. İllərdir də bu tarix müstəqilliyin bərpası günü kimi qeyd olunur. Burada yenidən həmin tarixin bərpa günü kimi tətbiq olunmasına ehtiyac yoxdur. Onsuz da müasir tariximizə bu tarix belə daxil olub. Cəmiyyət də bunu birmənalı şəkildə belə qəbul edib”.
28 may tarixinin Respublika Günü kimi yox, Müstəqillik Günü kimi qeyd olunmasına qaldıqda isə tarixçi bunu da tarixə müdaxilə etmək məansında yersiz akt kimi dəyərləndirib: “Azərbaycan xalqı Türk-İslam aləmində ilk Cümhuriyyət qurmuş xalqdır. Buna görə həmin tarixin – may ayının 28-nin Respublika Günü kimi qeyd olunması həm də bir mesajdır ki, biz respublika quruluşunda ilk dövlətin qurucusuyuq. Müstəqillik günü kimi qeyd olunmasına qaldıqda isə, 1918-ci il 28 mayda İstiqlal Bəyannaməsinin qəbul olunması ilə biz bir əsrdən çox itirilmiş dövlətçiliyimizi bərpa etmişik. Amma bu dövlətçilik cümhuriyyət quruluşlu bir dövlət oldu. Buna görə Respublika Günü kimi qeyd olunmasının əsasında da cümhuriyyət amili dayanır. Yəni, siyasi, iqtisadi baxımdan fərqli bir quruluşlu dövlət idi”.
Əhmədova hesab edir ki, bu tarixi günlərin qeyd olunması və onların mahiyyətinin açılması ilə bağlı məsələlərə çox həssas yanaşmaq lazımdır: “Mən 28 may tarixinin Müstəqillik Günü kimi qeyd olunmasını həmin tarixin əzəmətinə kölgə salan hadisə kimi dəyərləndirirəm. Hesab edirəm ki, buna bir lüzum yoxdur. Respublika Günü kimi qeyd olunması həm də İstiqlal Bəyannaməsinin qəbul olunduğu o günü özündə ehtiva edir. Mən düşünürəm ki, bu tarixi günlərin qeyd olunması və onların mahiyyətinin açılması ilə bağlı məsələlərə çox həssas yanaşmaq lazımdır. Çünki bir yanlışlığı başqa bir yanlışlıqla düzəltmək başqa bir yanlışlıqdır. Elə Cümhuriyyət Günü, Respublika Günü kimi qeyd olunması daha məqbuldur”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu isə AYNA-ya açıqlamasında sözügedən dəyişikliyin tərəfdarı olduğunu deyib: “Respublika Günü də dövrün tarixi həqiqətlərini və dövlətçilik tariximizi əks etdirən bir gün idi, ancaq Müstəqillik Günü adlandırılmasını da məntiqli hesab edirəm. Çünki bu, bütün dünyaya bir mesaj olacaq ki, bizim müstəqillik tariximiz 1918-ci ildən başlayır. Avropanın siyasi xəritəsinə diqqət yetirsək, görəcəyik ki, Birinci Dünya müharibəsindən sonra çox az sayda müstəqil dövlət quruldu ki, bunlardan biri də Azərbaycan idi. Ondan sonrakı tarixi proseslərdə də bəzi millətlər yenidən öz müstəqil dövlətçiliklərini itirib. Ona görə mən düşünürəm ki, bu, qəbul olunsa, yerində qəbul edilmiş bir qərar olacaq”.
“18 oktyabr tarixinə qaldıqda isə burada da həm tarixi yaddaşımıza, həm də bütün dünyaya verilən mesaj ondan ibarətdir ki, bizim bundan əvvəl də – 1991-ci il 18 okyabrdan əvvəl də müstəqil dövlətimiz olub. Bu tarix isə onun bərpa edilməsidir. Düşünürəm ki, bu iki tarixi hadisə arasında olan əlaqə həm milli-tarixi yaddaşımız baxımından, həm də dövlətçilik tariximizlə bağlı dünyaya verilən mesaj baxımından olduqca əhəmiyyətli və yerindədir”, - deyə deputat fikrini yekunlaşdırıb.