Millət vəkili məktublarına cavab ala bilmir: “SSRİ-nin müxtəlif yerlərində Leninə məktublar göndərildi, onlara 30 günə cavab gəlirdi”
Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib. 13 məsələnin müzakirə edildiyi toplantıda deputatlar əvvəlcə cari məsələlərlə bağlı fikir bildirib, təkliflər səsləndiriblər. Millət vəkili Hikmət Məmmədov çıxışında bildirib ki, 2026-cı ildə Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin iştirakı və dəstəyi ilə Azərbaycanda Türkologiya Akademiyasını da yaratmaq olar: “Orada təkcə türk dili ailəsi yox, fin-uqor ailəsinə daxil olan bütün xalqların ortaq dilinin inkişafı ilə bağlı mühüm tədqiqatlar aparıla bilər”.
“Türk Müdafiə Alyansı”nın formalaşdırılması vacibdir
“TDT-nın gələcək inkişafı üçün bir sıra strateji istiqamətlər xüsusi əhəmiyyət kəsb edir. Ortaq müdafiə və təhlükəsizlik sisteminin yaradılması vacibdir”. Bu sözləri isə deputat Vasif Qafarov deyib.
Onun sözlərinə görə, gələcəkdə “Türk Müdafiə Alyansı”nın formalaşdırılması və vahid hərbi planlaşdırma sisteminin qurulması böyük əhəmiyyət daşıyır: “Müasir dövrdə artan kibertəhlükələr fonunda “Türk Ortaq Kibermüdafiə Mərkəzi”nin yaradılması informasiya suverenliyimizin təmin olunmasına xidmət edəcək. Qlobal informasiya məkanında səsimizin daha aydın eşidilməsi üçün “Türk Dünyası Media Platforması”nın qurulması da vacibdir. Bu təşəbbüs vahid informasiya strategiyası ilə türk dövlətlərini media sahəsində birləşdirəcək”.
Deputat Əli Məsimli TDT dövlətlərinin iqtisadi artım tempindən söz açaraq qeyd edib ki, dünya ökələrinin ÜDM-i nəzərə alaraq TDT dövlətləri 184 ölkə içərisində Türkiyə ilə 13-cü, Qırğızıstan ilə isə 130-cu yerə qədər məsafəni əhatə edir: “TDT dövlətləri öz güclərini birləşdirərsə, dünyada 184 ölkə arasında 7-ci mövqeyə çıxarıq. İndiki artım tempini orta prespektivdə saxlamaq şərtilə TDT dövlətləri 7-ci yerdən 5-ci yerə yüksələ bilər. TDT dövlətlərinin iqtisadi artım tempi dünyanın artım tempindən yüksəkdir. TDT vahid güc mərkəzi kimi çox yüksək səviyyəyə nail olacaq".

“Harada işləməyimizdən asılı olmadan ölkəmizə, millətimizə və ölkə rəhbərinə layiq olmalıyıq"
İclasda çıxış edən millət vəkili Ramil Həsən parlamemt üzvlüyündən istefa verdiyini açıqlayıb. Deputat yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirib: "Biz artıq 5 ildən bir az çoxdur ki, VI, VII çağırış Milli Məclisdə birlikdəyik. Mənim üçün böyük qürurdur ki, bu şərəfli məclisdə sizinlə birlikdə fəaliyyət göstərmişəm. Cənab Prezidentin İlham Əliyevin və Sahibə xanım (Milli Məclisin sədri – A.B), sizin böyük etimadınız sayəsində TÜRKPA-ya Baş katib kimi təqdim olunmuşam. Fürsətdən istifadə edərək 12 iyunda namizədliyimin verilməsi və dəstəklənməyim üçün göstərmiş olduğunuz hərtərəfli köməyə görə təşəkkür edirəm. VI çağırışa başladığımızda zəfər qazanmamış parlamentin deputatıydıq. Mən qürur hissi keçirirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Ordumuzun qəhrəman mücadiləsi sayəsində artıq qalib gəlmiş parlamentin millət vəkili kimi bizim sıralarımızı tərk edəcəm. Harada işləməyimizdən asılı olmadan ölkəmizə, millətimizə və ölkə rəhbərinə layiq olmalıyıq".
S.Qafarova R.Həsənə fəaliyyətində uğurlar arzulayıb.
“Kreml mediasına anti-Azərbaycan tezisləri ötürənlərin Qafqaz siyasəti hələ də Pyotr dövrünü xatırladır”
“Bizi təyyarə qəzasının səbəbkarı kimi göstərirdilər, indi Rusiya rəhbəri cinayətkarların cəzalandırılacağını və kompensasiyanın veriləcəyini deyir. Qlobal embarqo və sanksiyaların hədəfində olan bir ölkə ilk gündən belə etsəydi, ittihamları az da olsa, neytrallaşdırardı. Əvəzində Azərbaycanı təkcə siyasi hədələrlə deyil, hibrid hücumlarla üz-üzə qoydular”. Bu fikirləri isə çıxışında deputat Zahid Oruc səsləndirib.

Onun sözlərinə görə, “bizi “etnik gərginlik yaratmaqda, antirus mövqeyə keçməkdə, radikal millətçilikdə və hətta dönüklükdə” ittiham edən rəsmi platformalar, əslində, ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı psixoloji müharibə aparırdılar: “Lakin dövlətimiz və xalqımız basqıya qarşı vahid mövqedə durdu. Kreml mediasına anti-Azərbaycan tezisləri ötürənlərin Qafqaz siyasəti hələ də Pyotr dövrünü xatırladır. Onlar Qələbəmizlə regional geosiyasətin dəyişməsini və Azərbaycanın yeni arxtektura quruculuğunu həzm edə bilmirlər. Lakin köhnə qaydalar artıq işləmir. 4 ildir Ukraynada gedən qlobal müharibədə Azərbaycan heç bir hərbi blokun forpostu olmadı. Ölkəmizi Qərb kolasiyasına bağlamağa, növbəti SVO-ların hədəfində göstərməyə çalışanlar dünən ifşa olundular. Ona görə də soydaşlarımızı kriminal avtoritetlər, müətşəkkil cinayətkar dəstə və qafqazlı siması kimi göstərən Bastrıkinin İstintaq İdarəsi 9 oktyabrdan sonra bütün saxta cinayət işlərini gərək dayandırsın, azərbaycanlıları azad etsin”.
“Düşənbədə keçirilən görüş Vaşinqton Zirvəsi və Azərbaycanın regional sülh siyasətinin birbaşa nəticəsidir”
“Dünən Düşənbədə keçirilən görüş Vaşinqton Zirvəsi və Azərbaycanın regional sülh siyasətinin birbaşa nəticəsidir. Ölkəmiz türk dünyasının siyasi mərkəzi, Orta dəhlizin əsas dayağı, enerji və logistik qovşaq, regional geosiyasi arxitekturasının memarıdır. Nə Ermənistanın əli ilə, nə də etnik separatizm və iqtisadi təzyiqlə Azərbaycana təsir etmək artıq mümkün deyil. Vətən müharibəsinin ildönümündə Prezident İlham Əliyev yenidən sübut etdi ki, Azərbaycan nəinki öz hava məkanını, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini təmin edən güclü dövlətdir. Və bu, təyyarlərimizin xilası, Qələbəmizin davamıdır!” – millət vəkili vurğulayıb.
Deputat yenə gileyləndietdi, spiker cavab verdi: “Mən maraqlananda cavab verildi ki, belə bir məktub olmayıb”
Deputat Səyyad Aran isə məmurlar tərəfindən ərizə və şikayətlərə cavab verilmədiyi məsələsindən danışıb və məmurları yenidən tənqid edib.
Xatırladaq ki, ötən iclaslardan birində də S.Aran məmurların deputatları dinləmədiyindən gileylənmmişdi.

Millət vəkili qeyd edibn ki, “əvvəllər SSRİ-nin müxtəlif yerlərində Leninə məktublar göndərildi, onlara 30 günə cavab gəlirdi”. Onun sözlərinə görə, bunun səbəbi diqqət çəkmək idi: “Amma indi biz qurumlara məktub göndərdikdə cavab 30 gün sonra gəlir. Ayın 1-i məktub göndərirsən, elə bil qəsdən gözləyib ayın 30-u hətta, 31-i cavab verirlər”.
Spiker isə məktublara 2 həftə ərzində cavab verilməli olduğunu, əlavə araşdırmalar zamanı 30 günün lazım olduğu bildirilirb. Eyni zamanda, S.Qafarova S.Arana cavab ala bilmədiyi məktubların ona göndərilməsi tapşırığını verib: “Komitə iclasında da bu məsələni qaldırmışdınız. Mən maraqlananda cavab verildi ki, belə bir məktub olmayıb”.
Bundan sonra deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə başlayıblar.