Məzlumun yanında, zalımın qarşısında...?

Aktual

01.03.2022 - 20:22

Ukrayna hadisələri lakmus kağızı kimi və baş verənlər dindarların gözü ilə

Getdikcə qloballaşan dünyada artıq “lokal hadisə” anlayışı arxaizmə çevrilməkdədir. Rusiyanın Ukraynaya təcavüzü də planetin nadir sakinini biganə qoya bilər. Bəziləri bilavasitə münaqişəyə yaxından-uzaqdan aidiyyəti olduqlarına görə, bəziləri isə sadəcə hadisəyə qiymət vermək naminə müzakirələrə qatılıblar.

Azərbaycan da istisna deyil. Sosial şəbəkələrdə müxtəlif fikirlər yürüdülür. Onların hamısını saf-çürük etmək niyyətimiz yoxdur. Sadəcə diqqəti bir məqama – baş verənlərə dini kəsimin verdiyi reaksiyaya çəkmək istərdik.

Beləliklə, Ukrayna və Rusiya tərəfdarı olan dindarlar var. Hansı tərəfə nə üçün dəstək verilir? Amma bu suala cavab verməzdən öncə ümumiyyətlə, dünyada özünü müsəlman ölkələri kimi təqdim edən nəhəng dövlətlərin və regionda söz sahiblərinin mövqeyinə nəzər salmaq istərdik.

“Təvazökar” Ər-Riyad

Son onilliklərdə Yaxın Şərqdə ABŞ-ın ən yaxın müttəfiqlərindən olan Səudiyyə Ərəbistanından Birləşmiş Ştatların mövqeyindən çıxış etməməsi nonsens olardı. Amma bu çıxışlar da xüsusi sərtliklə seçilmir. Baş verənlər fonunda dünya mediasında sözügedən ölkənin toxunduğumuz məsələdə “fəallığı” ilə bağlı yalnız bir xəbərə rast gəlmək mümkündür.

Fevralın 24-də Səudiyyə Ərəbistanı tərəfini xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Xureyci ABŞ dövlət katibinin müavini Vendi Şermanla “Ukraynanın suverenliyinə dəstək olaraq qətiyyətli beynəlxalq cavabın” yaradılmasını müzakirə edib. Bu barədə ABŞ Dövlət Departamentinin saytı məlumat yayıb. Vəssalam. Daha artığına Ər-Riyad, çox güman, risk etmir. Nə qədər olmasa, Rusiya Yəmən deyil, cavabı sərt ola bilər.

Rusiyanın yanındakı müsəlman

Adında İslamı ehtiva edən digər bir dövlətin – İranın isə mövqeyi tamamilə fərqlidir. Belə ki, ölkə XİN rəhbəri Hüseyn Əmir Abdullahian hesab edir ki, Ukrayna böhranının əsasını “NATO təxribatları” təşkil edir. O, həmçinin bildirilib ki, “Rusiya və Ukrayna atəşkəs barəsində razılıq əldə etməlidir”.

İran Prezidenti Rəisi isə bəyan edib ki, Rusiyanın ABŞ və NATO-nun sabitliyi pozmaq hərəkətlərindən irəli gələn təhlükəsizlik sahəsindəki narahatlıqlarını anlayır.

İslam, yoxsa dövlət marağı?

Təbii ki, məsələdən agah olmayan şəxslərdə sual yarana bilər: əgər dövlətin İslam qanunları ilə idarə olunması bəyan edilirsə, o zaman bu dinin əsas tələblərindən birinə – “məzlumun yanında, zalımın qarşısında” – sözügedən münaqişəyə münasibətdə nə dərəcədə riayət olunur? Və ümumiyyətlə: dövlətlər mövqe sərgiləyərkən məhz İslam tələblərinimi əsas götürüb? Əlbəttə ki, yox! Qətiyyən!

Hər şeyin başında siyasət, daha dəqiq isə - dövlət maraqları dayanır. Qərar “mənim dostum”, “dostumun dostu”, “mənim düşmənim”, “düşmənimin düşməni” kimi klişelərlə verilir. Necə ki, bunu dünyanın bütün qalan hissəsi edir. Və özünü İslam dövləti kimi təqdim edənlərin həmin qalan hissədən heç bir fərqi yoxdur. Əslində, bu, yeni ixtira deyil və təəccübə heç bir şey baş verməyib. Sadəcə daha öncə öz təcrübəmizdə yaşanan bir nümunə göstərək.

Azərbaycan nümunəsi

30 ilə yaxın Azərbaycan torpaqları erməni tapdağında qaldı. Faktiki olaraq bütün dünya bu işğala susdu - bir Türkiyə istisna olmaqla. Susanlar sırasında İran da var idi. Bu İslam Respublikası nəinki susdu, hətta ermənilərlə çox sıx əməkdaşlıq etdi. Həmin ermənilərlə ki, əlləri minlərlə, məhz İran rəsmilərinin təbiri ilə desək, onların müsəlman qardaşlarının qanına batmışdı. Amma onlara bu qanlı əlləri sıxmağa heç nə mane olmadı. Çünki siyasət və İranın dövlət maraqları bunu tələb edirdi.

Hərçənd İslam tam əksini deyir. Müsəlmanı qətl edən necə digər müsəlmana dost ola bilər? Ancaq oldu, biz hamımız bunun şahidiyik. Və hətta 2020-ci ilin Vətən müharibəsində də İran son ana qədər susdu, ikili oyun oynadı və yalnız Azərbaycan ordusunun aşkar qələbəsi heç kimdə şübhə doğurmayanda, artıq igidlərimiz Şuşanı hədəfə alanda sükutu pozdu. Amma necə?

Noyabrın 3-də İranın Ali dini lideri Əli Xameneyi çıxış edərək bildirdi: “Bu hərbi toqquşmaya çox tez bir zamanda son qoyulmalıdır. Təbii ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bütün torpaqları azad edilərək Azərbaycana qaytarılmalıdır”.

Bəli, bu həqiqəti anlamaq üçün 30 ilə yaxın erməni işğalında olan Azərbaycan-İran sərhədi əsgərlərimiz tərəfindən azad edilməli, Xudafərin üzərində bayrağımız qaldırılmalıydı. Amma İran rəhbəri sözlərini bu bəyanatla bitirmədi, davamı da oldu: “Əldə edilən etibarlı məlumatlara əsasən, regiona daxil olmuş terrorçular İran sərhədinə heç bir vəchlə yaxınlaşmamalıdırlar. Əgər onlar sərhədə yaxınlaşarlarsa, mütləq qətiyyətli reaksiya olacaq”.

Həqiqətən, mat qalınası hadisədir. 30 il İran sərhədlərində terrorçular at oynatdılar, amma Arazın o tayından dinib-danışan olmadı. Elə ki, Azərbaycan öz suveren hüquqlarını erməni daşnaklarına onların anladığı dildə başa salmağa başladı, Tehranda narahat oldular. Gözəl islami həmrəylikdir, deyilmi?

İslamı anlamayan müsəlman

Bu gün də hər şey olduğu kimi qalmaqdadır. Və yazının əvvəlində qeyd etdiyimiz dindar kəsimdəki parçalanma da məhz bəzilərinin təəssübündən irəli gəlir. Rusiya ancaq və ancaq İranla yaxınlığına görə dəstəklənir, Ukrayna isə İranın düşməni olan NATO-ya can atdığına görə qınanır.

Bu isə o deməkdir ki, İslamdan, müsəlmançılıqdan dəm vuran kütlə İslam sözündəki “İ”nin nöqtəsinə belə, hələ yetişə bilməyib. Faktiki olaraq özlərini son peyğəmbərin davamçıları olaraq qələmə verənlər bu gün zalımı dəstəkləyir, məzlumun – minlərlə yurd-yuvasından didərgin düşənlərin, valideynlərini itirmiş körpələrin, övladlarını itirmiş ata-anaların fəryadına kar olur. Təəssüf doğuran məqamdır...

Müəllif: Polad Xudayarlı