Və ya ölümündən sonra da insanların qəlbində yaşayan mürşid
Bu günlərdə, əsrləri aşan universal sülh, eşq və sevgi fəlsəfəsinin təcəssümü, insanlıq nümunəsi Həzrəti Mövlanə Cəlaləddin Ruminin vəfatından 746 il keçdi (30.09.1207-17.12.1273). Mövlanə, öz ölümünü ən gerçək sevgilisi hesab etdiyi Rəbbinə qovuşmaq hesab etdiyi üçün, həmin günü "Şəbi-arus", yəni "Toy gecəsi" adlandırıb.
Mövlanə ölüm anında belə, insanları öyrətməyə, doğru yol göstərməyə çalışırdı: "Haqqa qovuşduğum gün tabutum çiyinlərdə gəzməyə başlayanda, dünyanın bəlalarından narahat olduğumu düşünmə. Mənim üçün ağlama. Cənazəmi görəndə qışqırma. Məni dəfn edəndə mənə yazığın gələrək mənimlə vidalaşma. Çünki Günəşin batmağını gördüyün kimi, doğuşunu da seyr etməlisən. Hansı toxum torpağa basdırıldı da, bəhrə vermədi? Bəs, insan toxumu haqqında niyə yalnış düşünürsən?”
Hər şeydən əlavə, Mövlanə bir insan idi. Bütün dinlərin orijinallığını dərk edən və bütün dinlərdən üstün olan Rumi, ona görə də sadəcə insana səcdə edirdi. O, insanlıq və sevgi dininin banisi idi. Vəhdətdən xəbər verən Rumi, insanları və müqəddəs kitabı bağrına basmışdı. Dünyanı daimi bir yaşayış yeri olaraq gördüyü üçün, ölümü də çox təbii qarşılayırdı.
Mərahim Nəsib