“Mayın 8-dək Paşinyan həbs edilməsə...” – Ermənistan qaynayır

Dünya

03.05.2022 - 14:30

Narazı kütlə Baş nazirin devrilməsini tələb edir, Nikol hakimiyyətini və canını qoruya biləcəkmi?

Ermənistanda iki həftədən çoxdur davam edən etiraz aksiyaları bu günlərdə gərgin mərhələyə qədəm qoyub. Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı siyasətinə etiraz edən müxaliflərin tələbi onun hakimiyyətdən getməsi və sonucda həbsidir. Mayın 1-dən etibarən müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyalarının tərəfdarları və səlahiyyətliləri aksiyaları şiddətləndiriblər. Onlara bir sıra təşkilatlar, tələbələr də qoşulub.

İrəvanda yolları bağlamağa cəhd edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında insidentlər yaşanmaqdadır. 200-dən çox etirazçının saxlanıldığı haqqında məlumatlar var. İrəvanla yanaşı bölgələrdə də aksiyalar keçirilir. Bəzi məlumatlara görə, bölgələrdən etiraz kütlələri İrəvana doğru yürüşə başlayıb. Aksiyalarda “Xəyanətkar Nikol”, “Nikol, istefa ver” kimi şüarlar səsləndirilir.

Siyasi ekpertlər hesab edirlər ki, Paşinyan etirazçılara müqavimət göstərsə, bu, Ermənistanda vətəndaş müharibəsinin baş verməsinə gətirib çıxara bilər. Artıq Paşinyan hakimiyyətinin etirazları yatırmaq üçün hərəkətə keçdiyi qeyd olunur.

Məsələn, "4rd.am" saytının hazırladığı reportajda bildirilir ki, aksiyanın əsas fəallarından olan Suren Minosyan kütləvi etirazlara çağırışlarına görə həbs olunub. Onun ailə üzvləri işdən çıxarılıb. Etirazçının qardaşı Manvel Minosyan bildirib ki, Suren hazırda polis bölməsində saxlanılır və ən ağır işgəncələrə məruz qalır. Bildirilir ki, ölkə üzrə həbs edilənlərin sayı yüzlərlə ölçülür. İddialara görə, bu həbslər Ermənistanda etirazların qarşısını ala bilməyəcək və hakimiyyətə qarşı çıxanların sayı artacaq.

Aksiyada çıxış edənlərdən biri – 44 günlük müharibə zamanı öldürülmüş erməni hərbi qulluqçusu Levon Avetisyanın atası Misak Avetisyan mayın 8-dək aclıq elan edib. O, İrəvanın Azadlıq meydanında jurnalistlərə verdiyi açıqlamada Ermənistan Baş Prokurorluğu və Milli Təhlükəsizlik Xidmətindən Baş nazirin həbs olunmasını tələb etdiyini deyib.

“Paşinyan bəyanat verdi ki, müharibəni dayandıra bilərdim. Amma müharibəni davam etdirməyə icazə verdi. Ermənistanın necə məhv olduğuna baxa bilmərəm. İfrat addıma gedirəm, mayın 8-nə qədər aclıq aksiyası elan edirəm. Bu cür yaşamaq mümkün deyil. Baş nazir deyilən adamdan qurtulmaq üçün daha nələr ola bilər, təsəvvür edə bilmirəm”, - deyə o söyləyib.

Avetisyan onu da bildirib ki, hüquq-mühafizə orqanları mayın 8-dək Paşinyanı həbs etməyəcəkləri halda, həmin gün İrəvanda, Respublika meydanında özünü yandıracaq.

Ermənistan siyasi səhnəsindəki təlatümləri şərh edən erməni politoloq Vazgen Xaçaturyan deyib ki, hakimiyyətin vəzifəsi təkcə polisə və qoşunlara əmr verməkdən ibarət deyil: "Yəni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün cəmiyyət iqtidara inanmalıdır. İndi bu inam yoxdur. Ermənistan Baş naziri legitimliyini itirməyə doğru gedir. İndi o nə xarici siyasəti, nə də daxili siyasəti müəyyənləşdirə bilir".

“Siyasi partiyalar vəziyyətdən sui-istifadə etməyə can atmaq əvəzinə böhrandan çıxış yolunu aramalıdırlar. Hesab edirəm ki, problemin həlli Paşinyanın mövqeyində yox, cəmiyyətin konkret qərarlar qəbul etməsindədir. Cəmiyyət isə indiki hakimiyyətin iqtidardan getməsini tələb edir və bu hal Paşinyan komandasının durumunu daha da ağırlaşdırır", - deyə analitik qeyd edib.

Azərbaycan Milli Məclisinin üzvü Elşad Mirbəşiroğlu vəziyyəti AYNA-ya şərh edərkən deyib ki, Paşinyan və onun komandası vəziyyəti dərk edir: “Müxalifət qüvvələri populizmlə məşğuldur. Onlar hakimiyyətə gəlmək uğrunda mübarizə aparırlar. Paşinyan da, müxalifət də dərk edir ki, Azərbaycanın yaratdığı yeni reallıqları dəyişdirmək gücündə deyillər. Müxalifət fürsətdən istifadə edib hakimiyyəti ələ keçirməyə cəhd göstərir. Hesab edirəm ki, Ermənistan müxalifəti ilə iqtidarı arasında gərginlik davam edəcək”.

“Məsələ burasındadır ki, revanşist qüvvələr yeni reallıqları qəbul etməkdə çətinlik çəkirlər. Özünə lider deyən müxtəlif şəxslər, keçmiş hakimiyyət nümayəndələri isə revanşist kütlənin hisslərindən istifadə edirlər. Əslində isə sabah onlar da hakimiyyətə gəlsələr, reallığı dəyişə bilməyəcəklər”, - deyə deputat vurğulayıb.

Politoloq Sahil İsgəndərov də AYNA-ya şərhində düşmən ölkədə baş verənlərin kütləvi mitinq deyil, cılız aksiyalar olduğunu söyləyib: “Sözsüz ki, revanşist qüvvələr Paşinyanın Azərbaycanla sülh istiqamətində ata biləcəyi addımların qarşısını almağa cəhd göstərirlər. Aksiyalara başçılıq edənlər anlayırlar ki, yeni konfiqurasiyanı dəyişə bilməyəcəklər. Sadəcə vəziyyətdən istifadə edib hakimiyyətə yiyələnməyə çalışırlar. Ermənistandakı siyasi böhranın kökündə bu dayanır. İndidən nəyisə demək çətindir. Proseslərin gedişindən çox şey asılıdır”.

“Ermənistanda sabah müxalifət də hakimiyyətə gəlsə, Vətən müharibəsində Azərbaycanın qələbəsi ilə yaranan yeni reallıqlar dəyişməyəcək. Əldə olunan razılaşmaları Ermənistanın istənilən hakimiyyəti icra etməyə məcburdur. Sadəcə bir qədər zaman uzana bilər”, - deyə müsahibimiz qeyd edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bir qədər fərqli fikirdədir. O, Ermənistanın qarışmaq üzrə olduğunu düşünür: “Radikal müxalifətin bütün qanadları Baş naziri devirmək üçün birləşib, İrəvanın mərkəzi meydanında fasiləsiz mitinqlərə start veriblər. Müxalifət təmsilçilərindən biri meydanda çıxış zamanı “biz daha evə getmək istəmirik, biz Şuşiyə, Hadruta getmək istəyirik, mən Şuşi haqqında mahnını Şuşidə oxumaq istəyirəm” söyləyirdi. Belə fikirlər təhlükəli tendensiyanın yarana biləcəyi ehtimalını artırır”.

“İkinci Qarabağ müharibəsindən zaman keçdikcə, ermənilər müharibənin nəticəsini unutmağa başlayıblar. Bunları deyəsən yenidən ağıllandırmaq lazım gələcək. Elə bilirlər ki, Paşinyanı devirəndən sonra vəziyyəti öz xeyirlərinə dəyişə biləcəklər. Yəqin rusiyalı emisarlar qulaqlarına nəsə pıçıldayıblar. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə açıqlamasına ehtiyac var. Həmin açıqlamada Ermənistanda hakimiyyəti güc yolu ilə dəyişib, müharibədən sonrakı razılaşmalardan imtinanın onlara baha başa gələcəyini anlatmalıdır”, - deyə analitik fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu