Mayın 5-də imtahan verəcək şagirdlərin nəzərinə!

Xəbərlər

29.04.2024 - 15:54

Buraxılış vərəqəsini çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar keçirəcək.

DİM-dən AYNA-ya bildirilib ki, mayın 5-də əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı və buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.

İmtahan verəcək şagirdlər buraxılış vərəqəsini DİM-in saytında müvafiq linklərə daxil olaraq çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanacaq və 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

Müəllif: Ayna.az