Marina Ovsyannikova presedenti: boğulan medianın üsyanı

Aktual

16.03.2022 - 16:11

Rizvan Qənbərli: “Müharibənin öz adı ilə çağırılmasının qadağan edildiyi ölkədə jurnalistlər necə bir məcburiyyət qarşısında qalırlar ki, gerçəkliyi peşə fəaliyyətlərinin qaydaları ilə yox, aktivizm yolları ilə çatdırırlar”

Kamran Həsənli: “Bu cür addımın mümkünsüz olduğunu iddia edən bizim jurnalistlərimiz, görünür ki, belə addımlar atmağa qadir deyillər”

Rusiyanın dövlət kanalı olan “Birinci kanal”ın redaktoru Marina Ovsyannikovanın canlı yayımda "Müharibəni dayandırın, təbliğata inanmayın, burada sizə yalan danışırlar" yazılmış posterlə ekranda görünməsi rezonansı hələ də qızğın müzakirə mövzusudur. Xatırladaq ki, o, “Vremya” xəbərlər proqramının canlı yayımı zamanı müharibə əleyhinə posterlə kadra daxil olub və Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz nümayiş etdirib.

Ovsyannikova "Vremya" proqramının aparıcısı Yekaterina Andreyevanın arxasında 2 dəfə "Müharibəni dayandır, müharibəyə yox" deyə qışqırmağı da bacarıb. Bundan sonra növbəti videokadr efirə verilib.

Hadisə sosial şəbəkənin Azərbaycan seqmentində müxtəlif reaksiyalara səbəb oldu. Məsələn, bəziləri aksiyanı jurnalistin şəxsi narazılığının ifadəsi, cəsarəti, qəhrəmanlığı kimi dəyərləndirirlər. Başqa bir qism isə hesab edir ki, bu hadisə kanalın özü tərəfindən planlaşdırılmış addımdır və arxasında böyük siyasi PR dayanır. İkinci fikri müdafiə edənlərin əsaslandırmasına görə, texniki olaraq həmin görüntünün efirə getməsinin qarşısını almaq mümkün idi.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran media mütəxəssisi Rizvan Qənbərli də deyib ki, televiziyada texniki baxımdan bunu əngəlləmək mümkündür: “Xüsusilə, indi Rusiyada müharibə şəraitidir və oradakı siyasi hakimiyyət informasiyanın bütün sahəsinə nüfuz edir. “Birinci kanal”ın dövlət kanalı olduğunu düşündüyümüz zaman təbii ki, belə bir halda nəzarət mezanizminin boş buraxılması çətin görünür. Lakin bu, planlaşdırılmış bir addımdır, yoxsa qəzadır? Bu suala cavab vermək mümkün deyil. Ola da bilər, olmaya da. Amma texniki olaraq əngəllənməsi mümkündür və əngəllənməsi də gözləniləndir. Çünki dövlət televiziyasıdır. Biz dövlət televiziyası bir kənara, hətta özəl kanallara belə, sərt bir şəkildə senzura tətbiq edən ölkədən danışırıq. Lakin dünya və Azərbaycan təcrübəsinə baxdığımızda qarşısı alına biləcək bir hadisədir. Amma qarşısı alınmayıb deyə “bunun arxasında mütləq planlı bir şey var” demək də düzgün çıxmır”.

Həmsöhbətimiz bu məsələdə texniki tərəfdən çox, başqa məqamın müzakirə edilməsini daha doğru hesab edir: “Bu hadisədə müzakirə ediləcək məsələ “Jurnalistika ilə aktivizm arasındakı sərhəd harada başlayır, harada bitir? Canlı yayıma “Müharibəyə yox” plakatı ilə çıxmış bir jurnalisti bu məqamda jurnalist olaraq qəbul etməliyik, yoxsa aktivist olaraq?” sualları olmalıdır. Təəssüf ki, konspirologiya həmişəki kimi daha çox diqqət mərkəzində olduğundan, biz burada “Kanal tərəfindən planlaşdırılmış bir addımdır, yoxsa deyil?” sualından yola çıxaraq müzakirələr aparırıq”.

“Burada müzakirə mövzusu Rusiyada medianın, jurnalistikanın necə bir həddə gətirildiyi olmalıdır. Əslində jurnalistika öz fəaliyyəti ilə müharibənin gerçəklərini acı və ya şirin fərqi olmadan öz cəmiyyətinə çatdıra bilməkdir. Amma müharibəyə müharibə deyilməsinin belə, qadağan edildiyi ölkədə jurnalistlər necə bir məcburiyyət qarşısında qalırlar ki, gerçəkliyi peşə fəaliyyətlərinin qaydaları ilə yox, aktivizm yolları ilə çatdırmaq məcburiyyəti ilə üzləşirlər”, - deyə mütəxəssis bildirib.

“Jurnalistika ilə aktivizm arasındakı sərhəd haradan başlayır?” sualına gəldikdə, Qənbərli fikrini belə izah edib: “Bizim bildiyimiz budur ki, jurnalistin işi sual vermək, informasiya çatdırmaqdır, şüarla çıxış etmək deyil. Amma jurnalistikanın sərhədləri o dərəcədə daraldılıb ki, şüarla çıxış etmək belə, bizə peşəkar bir şey kimi gəlir. “Sülh jurnalistikası” anlayışı var. Bu anlayışa görə, jurnalistika toplumların sülh içərisində yaşamasına xidmət etməlidir. Yəni bir jurnalistin “Müharibəyə yox” deməsi onun fəaliyyəti baxımından qeyri-adi və ya tənqid ediləsi bir məqam kimi sayılmır. Məsələ ondadır ki, biz hazırda müharibəyə müharibə deyilməsinin qadağan olduğu bir ölkədə jurnalistikadan danışırıq. Belə bir vəziyyətdə jurnalist müharibə gerçəklərini topluma başqa necə çatdıra bilər? Hər bir ölkənin ictimai, siyasi, iqtisadi şəraitini nəzərə almadan o ölkədə jurnalistika prinsipləri haqqında iddialar ortaya qoymaq düzgün yanaşma olmaz. Hazırda sosial medianın hər kəsi aktivizmə məcbur etdiyi bir zamanda bu tendensiyadan kənarda qalmaq da çətin gəlir. Rusiya kimi cəmiyyətlərdə bəzən doğrunu söyləmək jurnalistika ilə mümkün olmur. Bu zaman da insanlar doğrunu aktivizm yolu ilə söyləmək məcburiyyətində qalırlar. Ona görə də buna “jurnalistika bitdi, aktivizm başladı” demək də düzgün deyil. Arada çox incə bir cizgi var, amma bu cizgini hansı iqtisadi, siyasi mühitdə çəkirik, ona daha çox baxmaq məcburiyyətindəyik”.

Ümumiyyətlə, xanım jurnalistin addımını qəhrəmanlıq kimi qiyətləndirmək olarmı? Müsahibimiz bunu unu qəhrəmanlıqdan çox, cəsarətli addım hesab edir: “Bizə görə qəhrəmanlıq ola bilər, amma Putin siyasətini dəstəkləyənlər üçün vətən xainliyidir. Eyni hərəkəti Ukrayna televiziyasında hansısa jurnalist etmiş olsaydı, çox güman Azərbaycan cəmiyyətində bu jurnalisti qəhrəmanlaşdıranlar vətən xaini, Rusiyaya satılmış jurnalist kimi qiymətləndirərdilər. Ona görə bunu qəhrəmanlıqdan çox, cəsarətli addım kimi qiymətləndirməyin tərəfdarıyam”.

Daha bir iddiaya görə, Ovsyannikova Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ alınıb. Lakin bizim həmsöhbətimiz düşünür ki, heç bir əsası olmayan iddia bu addımın doğurduğu nəticənin əhəmiyyətini dəyişmir: “Bilmədiyimiz şeylər haqqında gerçəkliklər yaratmağımız doğru olmaz. Ortalıqda bir fakt var ki, bir jurnalist Rusiya kimi informasiyanın ən xırda detalına belə, nüfuz etməyi öz qarşısına məqsəd qoymuş bir hakimiyyətin nəzarəti altında olan mühitdə belə bir etiraz aksiyası ortaya qoyur və bunu media yolu ilə edir. Niyə bu yola atır? Çünki jurnalistikanın ənənəvi metodları ilə öz toplumuna müharibə gerçəklərini çatdıra bilmədiyini düşünür və bunu son çarə kimi görür. Hazırda ortalıqda olan tək fakt budur. Təbii, bu addımın arxasında çox şey dayana bilər. Amma onların heç biri bu faktı dəyişmir və bunun əhəmiyyətini azaltmır. Gerçəklik budur ki, informasiyanın boğulduğu bir mühit var və jurnalist bir aktivist kimi bütün maneələri aşaraq öz toplumunu aydınlatmağa çalışır. Bu baxımdan çox cəsarətli addımdır”.

Tanınmış teleaparıcı Kamran Həsənli isə AYNA-ya şərhində xanım jurnalistin sözügedən addımını birbaşa qəhrəmanlıq kimi dəyərləndirib: “Əlbəttə ki, qəhrəmanlıqdır. Tarixdə belə adamlar olublar. Onlar özlərinin həyatını, sağlamlıqlarını ideylarına, haqqa-ədalətə qurban verən adamlardırlar. Bu, o deməkdir ki, Putin sistemi çat verir. Bugünkü şəraitdə xanımın addımı misilsiz qəhrəmanlıqdır. Bu cür addımlar televiziyalarda olmasa da, yəqin ki, başqa formalarda təkrarlanacaq”.

Efirin bir neçə saniyə dayandırılması ilə bunun qarşısının alına biləcəyi ehtimalı toxunan aparıcı deyib ki, adətən xəbərlərdə o cihazlar qoşulmur: “Bu cür addımın mümkünsüz olduğunu iddia edən jurnalistlərimiz, görünür ki, belə addımlar atmağa qadir deyillər. Ona görə də bu addımı mümkünsüz kimi qiymətləndirirlər”.

“Bu, daha çox bizim televiziyalarda yayılmış bir şeydir. Biz həmin efir üçün o cihazların qurulub-qurulmadığını bilmirik. Onlar canlı yayımlarına çox arxayındırlar. Bizim televiziya kanallarımızdan fərqli olaraq tənqidi fikirlər də gedir. Düzdür, həmin adamın üstünə qışqırır, tənqid edirlər, amma fikirləri efirə gedir”, - deyə Həsənli vurğulayıb.

Müəllif: Aləmdə Nəsib