Makronun xəyanəti və ya Böyük Fransa belə alçaldılmamışdı

Dünya

12.02.2022 - 10:24

Bu, öz müttəfiqlərinə xəyanət etməyin əsl qiymətidir

Ukrayna ətrafında diplomatik fəallıq hər gün artır. Kiyevdəki Xarici İşlər Nazirliyinin binasında yüksək rütbəli qonaqların gəldiyi ölkələrin bayraqlarını dəyişməyə macal tapmırlar.

Fevralın əvvəlində Almaniyanın xarici işlər naziri Annalena Berbok gəldi. Onunla bigə fransalı həmkarı Jan-İv Le Drianın da gəlməsi planlaşdırılırdı. Onlar Donbassa demarkasiya xəttində birlikdə səfər etməli idilər. Bu format baş tutmadı və alman nazir Ukraynanın şərqinə tək getdi. Bunun səbəbləri haqqında daha çox aşağıda danışacağıq.

Demək olar ki, analoji səfər proqramı ilə eyni vaxtda Çexiyanın xarici işlər nazirləri Yan Lipavski, Slovakiyanın XİN rəhbəri İvan Korçok və Avstriyanın xarici siyasət idarəsinin rəhbəri Aleksandr Şallenberqdən ibarət daha bir diplomatik desant qüvvəsi Ukraynaya gəlib.

Çexiyanın xarici işlər naziri Yan Lipavski brifinqdə bildirib ki, o və həmkarları Ukraynaya ona görə gəliblər ki, onun təhlükəsizliyi bütün Avropanın təhlükəsizliyidir: “Çexiya, Slovakiya və Avstriya ölkənizin hara getməsi seçiminin sizin ixtiyarınızda olduğuna aydın bir işarə göstərmək üçün buradadır. Əgər Qərb istiqamətini seçmisinizsə, arzularınızın arxasınca getməyi bacarmalısınız”.

Onun sözlərinə görə, Avropanın üç ölkəsinin rəsmilərinin Ukraynaya səfər etməsi və həmrəylik nümayiş etdirməsinin əsas səbəbi budur. Qeyd edək ki, ən azı son vaxtlara qədər Avstriya və Slovakiya Ukraynaya xüsusi dəstək göstərilmirdi və Moskvanın siyasi müştəriləri hesab edilirdi.

Təbii ki, Fransa Prezidenti Emmanuel Makron və xarici işlər naziri Jan-İv Le Drianın Moskva və Kiyevə səfəri diplomatik fəaliyyətin əsas məqamı olmalı idi. Sonuncu Annalena Barbok ilə birlikdə Donbassa səfərini ləğv etməli oldu. Berlində qətiliklə bunu unutmadılar.

Makronun səfərinin özü də tələsikliklə yadda qalıb. Bütün əlamətlərə görə, bu barədə qərar sözün əsl mənasında, son anda verilmişdi, əks halda Barbok ilə birgə səfərlə bağlı insident olmazdı. Çox güman ki, Makronun Moskvada, necə deyərlər, bütün istiqamətlərdə üzləşdiyi təhqirin əsas səbəbi bu deyil, amma buna baxmayaraq…

Çox simvolik bir faktla başlayaq. Fransa Prezidenti Moskvada təyyarədə 30 dəqiqədən çox gözləməli olub, lakin müvafiq kortecin ona göndərilməsinə nail olmayıb. O, təyyarədən hava limanının binasına qədər qarların arasından keçməli olub. Hətta Xarici İşlər Nazirliyinin kiçik bir məmuru belə, onları VİP qonaqlar üçün ayrılan zala qədər müşayiət etmək üçün Prezident təyyarəsinin keçidinə çıxmayıb. Və belə bir rüsvayçılıqdan sonra Putin görüşdə Makrondan soruşdu: “Do you have good trip?” və cavab aldı: “Very good!”

Deyəsən, La Grande France (Böyük Fransa) uzun müddətdir ki, belə açıq bir alçaltma yaşamamışdı. Və təhqir təkcə bu faktdan ibarət olmadı.

Rusiya və Fransa prezidentlərinin danışıqları bir neçə saat, o cümlədən nahar zamanı və hətta birgə mətbuat konfransından sonra da davam edib. Və nəticə nədir?

Britaniyanın “The Financial Times” qəzetinin yazdığına görə, Putin və Makron Rusiyanın yeni “hərbi təşəbbüslər” etməyəcəyi barədə razılığa gəliblər. Rusiya Prezidenti, nəşrin mənbələrinə görə, "Allied Resolve-2022" təlimlərində iştirak edən 30 minə qədər rus hərbçisinin Belarusdan çıxarılmasına razılıq verib. Bu məsələ növbəti görüşlərdə müzakirə olunacaq və burada “kollektiv təhlükəsizlik məsələləri üzrə strukturlaşdırılmış dialoq” haqqında sazişin imzalanması planlaşdırılır.

Və sonra Fransa Prezidenti cavab aldı. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “The Financial Times”ın prezidentlər Vladimir Putin və Emmanuel Makronun Moskva danışıqları zamanı Ukrayna ilə bağlı münaqişənin gərginliyini azaltmaq üçün “sövdələşmə” əldə etdikləri barədə iddialarını rədd edib. RBC nəşri Peskovun “Fransa NATO-nun lideri olmadığı üçün belə bir sövdələşmənin bağlana bilməyəcəyi” ilə bağlı izahatına istinad edir. Kremlin baxışına görə, La Grande France ABŞ, Böyük Britaniya və hətta Almaniyanın belə, ranqında deyil.

Putin və Makron saatlarla davam edən danışıqlardan sonra nə barədə razılığa gəldilər? Çox güman ki, Fransa Prezidentindən “Minsk razılaşmaları” adlanan sazişlərə sadiqlik sözü alınıb. Məhz bu nəticə ilə o, Kiyevə gəldi.

Vladimir Zelenski ilə yeddi metrlik masa arxasında yox, adi bir masa arxası söhbət saat yarım davam etdi. Makron yeni heç nə eşitmədi. Ukrayna Rusiyanın “Minsk razılaşmaları”nın şərhi ilə qətiyyən razılaşmır və heç bir halda belə mövqedən kənara çıxmayacaq.

Kiyevdən sonra Makron ABŞ Prezidenti və Almaniya kansleri ilə danışıqlar aparıb. Və onlardan da eyni cavabı alıb. Heç kim Ukraynaya Rusiyaya təslim olsun deyə hansısa formada təzyiq etməyəcək. Əksinə, onu qorumaq üçün ölkəyə silah axını getdikcə artır və Moskva nə qədər çox təhdid edirsə, Qərbin Kiyevə silah lend-lizi artırmaq əzmi də bir o qədər güclənir.

Fransa Prezidenti Moskvada təkcə Ukraynaya deyil, həm də müttəfiqlərinə qarşı xəyanət edib. O, Putinə açıq şəkildə bildirdi ki, Moskvanın tələb etdiyi “təhlükəsizlik tədbirləri” ilə bağlı onun xeyrinə ayrıca mövqe tutmağa hazırdır. NATO və ABŞ-ın təmsil olunduğu Qərb Moskvanın iddialarına-ultimatumlarına birmənalı olaraq mənfi cavab verdi və burada Makron “der Putin-Versteher” (Putini başa düşən) kimi ayrıca mövqeyi ilə çıxış edir.

Merkel gedəndən sonra hətta Almaniya sosial-demokratları belə, bu xətti xatırlamırlar. Əksinə, kansler Şolts Vaşinqtona səfəri zamanı onun mövqeyinin Putini anlamaqdan uzaqlaşdığını açıq şəkildə bildirdi.

Qərbli həmkarları ilə görüşlərdən sonra Makronun aktivliyi bir qədər sönüb. Baxmayaraq ki, Kiyevdə o, “Minsk razılaşmaları”nın həyata keçirilməsinin zəruriliyi barədə sözlərini bir neçə dəfə təkrar etdi, lakin bu, getdikcə sakral formulaya çevrilir. Hər tərəf bu formulu çox fərqli başa düşür.

Bəzi nəticələri ümumiləşdirək

Birincisi, Makronun və Fransa diplomatiyasının xəyanətkar rolu bir daha açıq şəkildə özünü göstərdi. Və heç nə onlara dərs olmur. Ölkə hər vasitə ilə ictimaiyyət qarşısında alçaldılır, Fransa Prezidentinin açıq desək, “craché au visage” – üzünə tüpürdülər, o isə bunun “la rosée de Dieu” – Allahın şehi olduğunu iddia etdi.

Bunun niyə baş verdiyini söyləmək çətindir. Bu, de Qollun antiamerikanizminin mirasıdır, yoxsa Fransa elitasının Moskva tərəfindən sıx korrupsiyaya məruz qalmasından, ya da İkinci Dünya müharibəsini uduzmuş və ölkəni işğalçılardan müstəqil şəkildə azad etmək bacarıqsızlığı səbəbində yaranan fantom ağrılarından qurtulmaq üçün Fransanın böyüklüyünü vurğulamaq istəyindənmi?

İkincisi, Makronun Almaniyadan diplomatik təşəbbüsü, o cümlədən Minsk prosesini ələ keçirmək cəhdi var. Problem ondadır ki, Moskvanın buna ümumiyyətlə, ehtiyacı yoxdur. Kreml Paris bir yana, heç Berlini də bərabərhüquqlu tərəfdaş kimi qəbul etmir. Orada yalnız Vaşinqton belə hesab olunur, Pekinə isə artıq aşağıdan yuxarı baxılır. Çin paytaxtında Olimpiadanın açılışına və bu tədbirdə Putinin harada otuzdurulduğu kadrlarına baxın.

Paris Makron və nazirlərinin bütün səylərinin puç olduğunu başa düşmək üçün Aleksandr Puşkinin əsəsrinin qəhrəmanının “Sizin mükəmməllikləriniz əbəsdir...” sözlərini xatırlasa, yaxşı olardı.

Üçüncüsü, əgər Moskva səfəri Fransada seçki kampaniyasının gedişinə təsir etmək cəhdi idisə, deməli, o, əvvəldən məhvə məhkum idi. Putinə Yelisey sarayında Makron lazım deyil. İstənilən başqa namizəd ona daha çox sərf edəcək, ona görə də Kreml müsyö Emanueli dəstəkləməyəcək.

Ukraynada Fransa Prezidentinin səfəri uğursuz kimi qiymətləndirilib. Öz ölkəsini alçaltmağın, başqasına, eləcə də müttəfiqlərinə xəyanət etməyin qiyməti belədir.

Müəllif: Yuri Rayxel