Venesuela Prezidenti neft şirkətlərinə Essekibodan çıxmaları üçün üç ay vaxt verib
Venesuela Prezidenti Nikolas Maduro Qayana ilə mübahisəli olan Essekibo ərazisini “müdafiə zonası” elan edib. AYNA xarici mediaya istinadən bildirir ki, rəsmi Karakas bölünməmiş dənizdə fəaliyyət göstərən neft şirkətlərinə Essekibonu tərk etmək üçün üç ay vaxt verib.
Ölkə lideri əlavə edib ki, danışıqlara açıqdır: “Beynəlxalq hüquqa hörmətlə, qanunlara hörmətlə, mehriban qonşuluğa hörmətlə yanaşılmalıdır”.
Maduro bu ərazidə bir sıra təşəbbüslər paketi ilə çıxış edib və şirkətlərə ultimatum verib.
Müvəqqəti tədbir olaraq siyasətçi “Qayana-Essekibo İnteqral Müdafiə Zonası”nın yaradılmasını təklif edib.
Onun sözlərinə görə, Karakas bu ərazidə qaz və neftin kəşfiyyatı və hasilatı üçün lisenziyaların verilməsinə başlayacaq.
Qeyd edək ki, dekabrın 3-də Venesuelada referendum keçirilib və nəticədə venesuelalıların 90 faizindən çoxu qonşu Qayananın üçdə ikisindən çoxunu əhatə edən Essekibo bölgəsinin ilhaqına səs verib.