Aksiya ilə əlaqədar paytaxtın mərkəzində nəqliyyatın hərəkəti çətinləşib
İspaniya Krallığının paytaxtı Madriddə ispan fermerlərinin böyük etiraz aksiyası başlayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Madriddəki hökumət ofisindən bildirilib ki, bir qrup fermer artıq şəhərə gəlib.
Mitinqi təşkil edən assosiasiyadan verilən açıqlamaya görə, yeni nümayiş “hökumət tərəfindən sektora dəstək üçün konkret tədbirlər görülməməsi” səbəbindən keçirilir.
Etirazçılar həmçinin üçüncü ölkələrdən “haqsız rəqabətə son qoymağı” tələb edir və “ədalətli qiymətlərlə tətbiq edilən qida sistemi qanunu” və fermerlərin maraqlarını nəzərə alan “ekoloji siyasət”in tərəfdarıdırlar.
Aksiya ilə əlaqədar Madridin mərkəzində nəqliyyatın hərəkəti çətinləşib.
İspan fermerlərinin ilk nümayişləri fevralın 6-da başlayıb. Etirazçılar diqqəti sektorun düşdüyü çətin vəziyyətə cəlb etməyə çalışır, həmçinin Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar. Mitinqlər zamanı traktora minən fermerlər əsas magistrallarda nəqliyyatın hərəkətinə əngəl olub və bəzi limanlara girişi bağlayıblar. Bəzən etirazlar daha da böyüyərək etirazçılarla polis arasında toqquşmaya çevrilir.