“Bu mükafatı Venesuelanın əziyyət çəkən xalqına və bizim işimizə qətiyyətli dəstəyinə görə Prezident Trampa həsr edirəm!"
Venesuelanın müxalif siyasətçisi Mariya Korina Maçado Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa həsr edib. AYNA.AZ xəbər verir ki, bu barədə siyasətçi “X” sosial media platformasında yazıb.
Maçado vurğulayıb ki, onun üçün Nobel Sülh Mükafatı bütün venesuelalıların mübarizəsinin tanınması və Venesuelada azadlığa nail olmaq üçün stimuldur.
"Biz qələbənin astanasındayıq və bu gün azadlıq və demokratiyaya nail olmaqda əsas müttəfiqlərimiz kimi Prezident Trampa, ABŞ xalqına, Latın Amerikası xalqına və dünya demokratiyalarına həmişəkindən daha çox ümid edirik. Bu mükafatı Venesuelanın əziyyət çəkən xalqına və bizim işimizə qətiyyətli dəstəyinə görə Prezident Trampa həsr edirəm!" siyasətçi əlavə edib.
Bir neçə saat sonra Ağ Evin adı açıqlanmayan yüksək rütbəli məmuru Tramp və Maçadonun telefonla danışdığını bildirib. Rəsminin sözlərinə görə, Amerika lideri laureatı mükafatı münasibətilə təbrik edib və onun Nobel Sülh Mükafatına layiq olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti dəfələrlə onilliklər davam edən yeddi müharibəyə son qoyduğu ilə öyünüb. Xüsusilə, o bu yaxınlarda HƏMAS-ı ABŞ-ın Qəzza zolağında müharibəyə son qoymaq planına uyğun olaraq İsraillə sülh sazişi imzalamağa məcbur etdiyini deyib.
Buna baxmayaraq, Norveç Nobel Komitəsi Nobel Sülh Mükafatını Venesueladan olan siyasətçi Maria Korina Maçadoya vermək qərarına gəlib.