Lukaşenko: “Qərbdə demokratiya, hüquqa hörmət yoxdur”

Dünya

23.09.2022 - 17:22

Belarus Prezidenti Qərbi antidemokratiklikdə və pulgirlikdə ittiham edib

Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, “Qərbdə demokratiya yoxdur, çünki orada hər şeyi pul həll edir”. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.

“Biz elə bilirdik ki, demokratiya, ingilis hüququ və məhkəmələr var. Amma orada haqq-ədalət yoxdur. Kim pulunu ödəyirsə, onun lehinə qərar verirlər. Ya da ki, Rusiyaya edilən kimi, aktivlərinizi ələ keçirəcəklər, haqqın və şəxsi mülkiyyətin nə olduğunu unudacaqlar”, - deyə belarus lideri söyləyib.

Eyni zamanda, Lukaşenko o qeyd edib ki, Qərb fərqlidir və onun bəzi keyfiyyətlərini mütləq götürmək lazımdır: “Burada almanlar bizi diktaturaya görə qınayırlar və s. Almanlardakı kimi heç bir yerdə nizam-intizam mənasında belə bir diktatura yoxdur. Yadımdadır, sorositlər belə bir sual vermişdilər: “Cənab prezident, hakimiyyətə gəlmisiniz, gəncsiniz, kimdən nə prnək almaq istərdiniz?”. Mən dedim: almanlar və isveçlilərdən nümunə götürmək istəyirəm. Etiraf edim ki, sosial sistemi və yaşlılara qayğını İsveçdən, dəmir intizamı isə Almaniyadan almışam”.

Lukaşenka Almaniya kansleri Olaf Şoltsun siyasətini də tənqid edib: “İndi bu Şolts və başqaları - onlar necə liderlərdir? Nə bu, nə o, nə siyasət, nə də gündəm. Almaniyada baş verənlər dəhşətlidir”.

Müəllif: Ayna.az