Ukrayna ordusunun nəzarətə götürdüyü Kursk vilayətinin ərazilərində minlərlə Rusiya vətəndaşı var
Ukrayna Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülən Kursk vilayətinin ərazilərində bir neçə min Rusiya vətəndaşı - bölgənin mülki vətəndaşları qalır. AYNA xəbər verir ki, bu barədə AFP-yə müsahibəsində bölgədə yaradılmış Ukrayna komendantlığının nümayəndəsi Aleksey Dmitraşkovski bildirib.
Onun sözlərinə görə, Moskva və Kiyev beynəlxalq təşkilatlar vasitəsilə xüsusi dəhliz açmaq barədə razılığa gəlsə, yerli sakinlərə evlərini tərk edib Rusiyanın nəzarətində olan ərazilərə getməyə icazə veriləcək. Evakuasiyanın özü də beynəlxalq müşahidəçilərin nəzarəti altında baş tutacaq.
Dmitraşkovski əlavə edib ki, Rusiya vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazi daxilində hərəkətinə heç bir məhdudiyyət yoxdur. Onlara hərəkət etmək, bir-biri ilə görüşmək və öz ərazilərində işləmək icazəsi verilib. Həmçinin onun sözlərinə görə, Rusiyanın Kursk vilayəti ilə həmsərhəd olan Ukraynanın Sumı vilayətinin administrasiyası ruslara həftəlik ərzaq payı verir. Mağazalar, apteklər və digər infrastrukturlar işləmir.
Eyni zamanda, Dmitraşkovskinin sözlərinə görə, Rusiya ordusunun təxminən bir həftə əvvəl başlayan əks-hücum əməliyyatından bəri bölgədə 23 yerli sakin həlak olub.
Rusiya hakimiyyəti nə bu bəyanatı, nə də Ukrayna komendantlığının nümayəndəsinin adını çəkdiyi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdə qalan rusların sayını hələlik şərh etməyib. Rəsmi məlumatlara görə, təxminən 130 min nəfər təxliyə oluna bilib.
Dmitraşkovskinin sözlərinə görə, rus qoşunlarının Kursk vilayətində irəliləməsi indi dayanıb.
Amma Rusiya Müdafiə Nazirliyi mütəmadi olaraq Kursk vilayətində müəyyən yaşayış məntəqələrini geri almağa müvəffəq olduğunu iddia edir. Belə ki, sentyabrın 16-da Müdafiə Nazirliyi Uspenovka və Borki kəndlərini nəzarətə götürdüyü barədə məlumat yayıb.