Kremldən Almaniya kanslerinin Kiyevə səfərinə reaksiya

Dünya

02.12.2024 - 17:23

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: “Putin Şoltsla telefon danışığı zamanı Zelenskiyə nəsə çatdırmağı xahiş etməyib”

“Prezident Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı Ukrayna rəhbəri Volodimir Zelenskiyə nəsə çatdırmağı xahiş etməyib”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

Putinin sözçüsü qeyd edib ki, Kreml Şoltsun Kiyevə səfərini və Almaniyanın bütün beynəlxalq əlaqələrini izləyir.

Qeyd edək ki, bu gün kansler Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gəlib. Şolts bildirib ki, Ukrayna lideri ilə danışıqlarda dekabrda Kiyevə göndərilməli olan 650 milyon avro dəyərində hərbi məhsulların gələcək tədarükünü elan etmək niyyətindədir.

Xatırladaq ki, iki həftə əvvəl Şolts və Putin arasında təxminən iki ildən sonra ilk telefon danışığı olub. Almaniya hökuməti bildirib ki, söhbət zamanı kansler Rusiya dövlət başçısını “ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün” Ukrayna ilə danışıqlar aparmağa çağırıb.

Putin cavabında Moskvanın heç vaxt “danışıqlardan yayınmadığını” qeyd edərək, “yeni ərazi reallıqlarını nəzərə almaq və münaqişənin əsas səbəblərini aradan qaldırmaq zərurətinə” diqqət çəkib.

Müəllif: Ayna.az