Kreml “Vardanyan planı”ndan imtina etmədi: Azərbaycan hansı addımı atacaq?

Aktual

15.02.2023 - 18:06

Sabiq dövlət müşaviri: “Azərbaycan Ordusu qısa müddətdə - 2-3 gün ərzində erməni silahlı tör-töküntülərindən Qarabağı “təmizləyəcək”

Bir müddət bundan öncə Moskvaya gedən Qarabağdakı qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan yenidən Xankəndiyə qayıdıb. “Müşavirə” keçirən “nazir” İran mediasına müsahibə verib. Bir çox analitiklər hesab edirdilər ki, Vardanyan Moskvaya növbəti təlimat almaq məqsədilə getmişdi. Separatçının qayıdışı o deməkdir ki, ruslar Vardanyana dəstək verməyə davam edəcəklər.

Maraqlı suallardan biri isə Vardanyanın Qarabağa necə keçdiyidir. Çünki 66 gündür ki, Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası keçirilir. Bu müddətdə isə Xankəndiyə ancaq Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınları keçə bilir. Güman olunur ki, Vardanyan sülhməramlılara məxsus avtomobilin yük yerində Xankəndiyə qayıdıb.

Ekspertlər Vardanyanın Xankəndiyə qayıdışını belə izah edirlər ki, Kremlin öz layihəsindən imtina etməyib. Məlumdur ki, Rusiya milyarderi ötən il Qarabağa göndərməklə “Vardanyan planı”nı işə salmışdı.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya müsahibəsində deyib ki, Rusiyanın riyakarlığı çoxdan bəllidir:

-Moskvadan Bakıya qeyri-rəsmi söz verilmişdi ki, Vardanyan Qarabağdan çıxarılacaq. Onu çıxarmışdılar, getmişdi Rusiyaya. Amma yenidən Xankəndiyə göndərilib. Təkrar qayıdışının təfərrüatlarını bizim bilməyimiz çətindir. Lakin fakt budur ki, Vardanyan hazırda Xankəndidədir, Araiklə “iclas” keçirir, bəyanatlar verir və s. Demək ki, Rusiya “Vardanyan” planından imtina etmədi. Kreml bölgədə gərginliyi saxlamaq qərarındadır. Faktiki olaraq, bu gün biz görürük ki, Rusiya mənfur oyununu oynamaqdadır.

- Belə olan halda Azərbaycan hansı addımı atmalıdır?

- Rusiya riyakar siyasət yeritdiyinə görə, planlarının tam nədən ibarət olduğunu da söyləmək çətindir. Çünki Kremldən verilən sözlərin heç biri həyata keçirilmir, yaxud verilən sözlərin əleyhinə addım atılır. Yenə deyirəm, Azərbaycana söz verilmişdi ki, vardanyan məsələsi həllini tapır. Amma 10 gündən sonra başqa addım atıldı. Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında dünən telefon danışığı olub. Güman ki, bu məsələyə toxunulub. Biz danışıqların rəsmi açıqlamasını oxuduqda da bunu görürük. Orada regiondakı vəziyyət, sülhün əldə olunması üçün təmasların davamlılığına razılığın olduğu vurğulanır. Bu mənada, güman etmək olar ki, Azərbaycan lideri rusiyalı həmkarı qarşısında sülhə mane olan Vardanyan ünsürü məsələsini də qabardıb.

Azərbaycanın məqsədi bəllidir: suverenliyimiz bütün ərazilərimizdə bərpa olunmalıdır. Hansı dövlət nəyi xəyal edir-etsin, son sözü Azərbaycanın siyasi iradəsi deyəcək, Azərbaycan Ordusu deyəcək.

- Maraqlıdır, Vardanyan Moskvada kiminlə görüşdü, kimdən təlimat aldı. Hər halda Putinlə, Lavrovla görüşməyib...

- Rusiyada ermənipərəst dairələr var və biz bunu bilirik. Müəyyən siyasi qurumlara nüfuz edə bilən ermənilər mövcuddur. Həmin ermənipərəstlərin Kremlə bağlılığı var. Bunlar bir şəbəkə formasındadırlar.

Vardanyan Qarabağa niyə qayıtdı sualının bimənalı cavabı yoxdur. Daha doğrusu, qaytarıldımı, yoxsa qayıtdımı sualının cavabı önəmlidir. Məncə, Rusiya “Vardanyan planı”ndan imtina etmədi. İndi bu planın hansı şəkildə baş tutmasına çalışacaq, qarşıdakı günlərdə atılan addımlardan bəlli olacaq.

- Separatçının yeni təlimatla göndərilməsini ehtimal etməyə başqa bir məsələ də var. Hazırda Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası keçirilir. Demək ki, Rusiya sülhməramlıları hansısa yolla Vardanyanı Xankəndiyə keçirə biliblər...

-Təbii ki, sülhməramlılar Moskvadan təlimat gəlmədən onu Xankəndiyə buraxmazdılar. Yəqin ki, Ruben Qarabağdan necə çıxarılmışdısa, o formada da geri qaytarılıb – sülhməramlıların maşınlarının yük yerində.

- Dediniz ki, son sözü Azərbaycanın siyasi iradəsi, ordusu deyəcək. Diplomatik yolla bu problemin həlli mümkün görünmürsə, silahlar işə düşə bilərmi?

- Əlbəttə, düşə bilər. Rusiya, ABŞ, Fransa və digər maraqlı dairələr bölgədə sülhdən yanadırlarsa, o zaman Bakının tələblərinin yerinə yetirilməsi üçün İrəvana da, süparatçılara da təzyiq göstərməlidirlər. Çünki hazırkı atəşkəs kövrəkdir.

Eyni zamanda, Azərbaycan bölgədə qalan erməni separatçılarına qəti xəbərdarlıq etməli, vaxt verməlidir. Məsələn, deyilməlidir ki, 10 gün müddətində ərazilərimizi tərk etməlidirlər. Əks halda, Azərbaycan Ordusu Qarabağın dağlıq hissəsini separatçı-terrorçulardan təmizləmə əməliyyatına başlayacaq. Terrorçular ərazidən çıxarılandan sonra hesab edirəm ki, Qarabağ erməniləri ciddi şəkildə düşünməli olacaqlar – Azərbaycanın suverenliyini qəbul edib, vətəndaşlığını alıb yaşamaqmı, yoxsa öz xoşları ilə bölgədən köç etməkmi?! Hansı onlara sərf edərsə, o addımı atmalı olacaqlar.

Qarabağ ermənilərinə əyani göstərmək lazımdır ki, onların ümid etdiyi terrorçular artıq yoxdur, ortada Azərbaycan reallığı var. Bunun başqa yolu görünmür. Çünki görünən odur ki, məsələnin dinc yolla həllini qəbul etmədilər. Yəqin ki, bölgədə qanlı müharibənin olmasını istəyirlər.  Çünki sülhə gəlməməyin alternativi silahların işə düşməsidir.

Onu da nəzərə almalıdırlar ki, Azərbaycan Ordusu qısa müddətdə - 2-3 gün ərzində erməni silahlı tör-töküntülərindən Qarabağı “təmizləyəcək”.

Müəllif: Anar Bayramoğlu