Peskov Rusiya Prezidenti ilə Roma Papasının elçisi arasında mümkün görüşü şərh edib
Rusiya Prezidenti Vladimir Putin hələ ki, Roma Papasının elçisi, kardinal Matteo Zuppi ilə görüşməyi planlaşdırmır. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
Kremlin sözçüsü Putinin planlarını şərh edərkən qeyd edib ki, Prezidentin iş qrafikində hələlik kardinalla görüş nəzərdə tutulmayıb.
Lakin Peskov belə görüş ehtimalını istisna etməyib.
Daha əvvəl bildirilmişdi ki, Roma Papasının elçisi “böhranı həll etməyə çalışmaq üçün” Kiyevə gələcək. Onun səfəri çərşənbə axşamı, iyunun 6-da başa çatacaq. Ondan sonra elçinin Putinlə görüşəcəyi ehtimal edilir.
Papa Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planını irəli sürüb, lakin tərəflər bunu qəbul etməyiblər. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak vurğulayıb ki, Rusiya qoşunlarının çıxarılması ilə bağlı Kiyevin nöqteyi-nəzəri ilə tam razılıq təmin edilməlidir.