Dmitri Peskov: "Biz bunu vaxtında elan edəcəyik"
“Kreml hazırda Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfərinin tarixini açıqlaya bilmir; bu məlumat daha sonra açıqlanacaq”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Biz bunu vaxtında elan edəcəyik", - deyə Peskov qeyd edib.
Yeni Dehlidə keçirilən Rusiya-Hindistan Forumunun təşkilatçısı “Roskongress” isə öz saytında tədbirin tarixlərini açıqlayıb. Qeyd olunub ki, forum bu ilin 4-5 dekabr tarixlərində keçiriləcək.
"Forumun mərkəzi tədbiri Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə qarşılıqlı ticarət potensialına və Hindistan təchizatçılarının Rusiya bazarına çıxışının genişləndirilməsi imkanlarına həsr olunmuş plenar iclas olacaq", - deyə açıqlamada bildirilib.
Təşkilatın məlumatına görə, tədbirin proqramına əməkdaşlığın əsas sahələri üzrə panel müzakirələri daxildir: sənaye əməkdaşlığı, Hindistan maşınqayırma və qida məhsullarının tədarükü, Rusiya şirkətlərinin Hindistan dərman preparatlarının alışını artırmaq və rəqəmsal xidmətlər və turizmin inkişafı.
10 noyabrda “The Economic Times” qəzeti Moskva və Yeni Dehlinin dekabr ayında Hindistanda keçiriləcək Rusiya-Hindistan forumu zamanı əmək mobilliyi ilə bağlı saziş imzalamağı planlaşdırdıqlarını bildirib. Nəşr qeyd edir ki, sənəd əmək miqrasiyasını sadələşdirmək və qarşıdakı illərdə Rusiyada işləyən Hindistan vətəndaşlarının sayının artmasına kömək etmək məqsədi daşıyır.