Koronavirusun qənimi gəlir

Cəmiyyət

09.03.2020 - 10:51

İnfeksionist: “37 dərəcə temperaturda virus 15-20 dəqiqədən artıq yaşamır”

 

Koronavirus dalğası artıq bütün dünyanın qorxusuna çevrilib. Hər gün virusa yeni yoluxma hallarının artması xəbəri yayılır. Bir tərəfdən də koronavirus təhlükəsinin havalar isindikcə azalacağı ehtimalları səslənir. Mütəxəssislərin dediklərinə görə, COVİD-19 istiyə tab gətirmir, məhv olur. Amma bir fakt da var ki, artıq Afrika qitəsinin 7 ölkəsində bu virusa yoluxma faktı aşkarlanıb.

 

İnfeksionist-hepatoloq Azər Nağıyev AYNA-ya şərhində bildirib ki, koronavirus kimi infeksiyalar daha çox soyuq hava şərtlərində davamlıdır: “Bəli, üzü yaya getdikcə, virus təhlükəsi sovuşacaq, çünki yüksək temperatura davamsızdır. Afrikada virusun aşkarlanması o demək deyil ki, oralara yayılmayacaqdı. Burada insan faktoru rol oynayır. Virus daşıyıcısı harda oldusa, asqırıb, öskürürsə, onun ifraz etdiyi virus əşya üzərinə, qarşısındakı insanların yuxarı tənəffüs orqanlarına düşərsə, yoluxma riski böyükdür. Bu səbəbdən heç kəs proqnoz verə bilməz ki, hansısa ölkə virusdan qorunmaq üçün tam təminatlıdır”.

 

Həkimin sözlərinə görə, sanitar-gigiyenik normalar pozulan yerlərdə də virusun yoluxma riski böyükdür: “Baxmayaraq ki, həmin ölkədə hava temperaturu çox yüksəkdir. İndi üzü yaya getdikcə, hava isindikcə artıq insanlar daha çox açıq havada olacaqlar, qapalı məkanlardan çıxacaqlar. Bu faktora görə də, istiliyə davamiyyəti olmayan virus daha tez məhv olacaq. 37 dərəcə temperaturda virus 15-20 dəqiqədən artıq yaşamır”.

Raminə Eyvazqızı