Virus beyində 3 gün içərisində 10 dəfə artır
COVİD-19 infeksiyası beyin və sinir xəstəliklərinə səbəb olur. AYNA xarici mediaya istinadən xəbər verir ki, elm adamları COVİD-19 pandemiyası ilə birlikdə beyin və sinir xəstəliklərinin də artdığını deyir. ABŞ və İngiltərədən mütəxəssislər koronavirusun birbaşa beyin hüceyrələrinə təsir etdiyini açıqlayıblar.
ABŞ-ın Con Hopkins Universitetində laboratoriyada hazırlanmış kiçik beyinlər üzərində təcrübə aparılıb. Məlum olub ki, koronavirus ağciyər və damarlarda yaratdığı ağırlaşmalar kimi beyində də tez bir zamanda ağırlaşmalara səbəb olur. Virus beyində 3 gün içərisində 10 dəfə artır. “The Financial Times”a danışan professor Tomas Hartunq “virusun ən dəyərli orqanımıza birbaşa zərər vurmasını bilməyimiz həyati bir önəm daşıyır”, - deyə bildirib.
Eyni zamanda virusun ortaya çıxdığı Çinin Vuhan əyalətində aprel ayında aparılan araşdırlamarda 214 koronavirus xəstəsində nevroloji ağırlaşmalar aşkarlanıb. İspaniyada isə iki xəstəxanada COVID-19 xəstələrinin yarısında sinir xəstəliklərinin də irəlilədiyi aşkarlanıb.
Qeyd edək ki, araşdırmalar koronavirusun tənəffüs xəstəlikləri ilə yanaşı psixoz, depressiya, yorğunluq kimi problemlərə səbəb olduğunu ortaya qoyub.