Bakı polisində əməliyyat müşavirəsi keçirilib

Xəbərlər

23.10.2019 - 18:27

Həkimlər Klinikalar SEO Xidməti

Paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyəti müsbət qiymətləndirilib

 

Oktyabrın 23-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) cari ilin doqquz ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

 

BŞBPİ-nin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, müşavirəni açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar, müvafiq dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının birgə səmərəli fəaliyyətin təkmilləşməsinə  hərtərəfli şərait yaratmış, yeni mərhələdə islahatların dərinləşdirilməsi müasir çağırışlara uyğun paytaxt polisinin də maddi-texniki bazasının möhkəmləndirilməsinə öz müsbət təsirini göstərib.

 

Sonra İdarə rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovniki Teymur Hacıyev cari ilin 9 ayında paytaxtın polis orqan və hissələri tərəfindən həyata keçirilən tədbirlərin nəticələri və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2019-cu ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 8023 cinayət qeydə alınıb ki, onların da 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə ağır və xüsusilə ağır növlər olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 3,2 faiz, az ağır cinayətlər 1,5 faiz, böyük ictimai təhlükə törətməyən cinayətlər 9,5 faiz, adam öldürməyə cəhdlər 13,6 faiz, ehtiyatsızlıqdan adam öldürmə 20 faiz, mülkiyyət əleyhinə cinayətlər 12 faiz azalıb. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 93,9 faizi ödətdirilib.

 

Məruzəçi bildirib ki, qarşımızda duran mühüm vəzifələr sırasında vətəndaşların ərizə və şikayətlərinə baxılması, onları qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə daxil olan müraciətlər üzrə 1390 vətəndaş qəbul edilib.

 

Məruzəətrafı çıxışlarda Bakı Şəhər BPİ-nin və rayon polis idarələrinin rəisləri hesabat dövründə əldə olunmuş müsbət nəticələri, yol verilmiş nöqsan və çatışmazlıqları qeyd edərək, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirləri diqqətə çatdırıblar.

 

Baş İdarə rəisi paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun konkret tapşırıq və tövsiyələrini çatdırıb, nöqsanların aradan qaldırılması yollarını göstərib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəlib.

 

Müşavirəyə yekun vuran polis general-mayoru Mirqafar Seyidov Daxili İşlər Nazirliyinin rəhbərliyini, şəxsən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovu əmin edib ki, paytaxt polisi bundan sonra da şəhər ərazisində cinayətkarlıqla qətiyyətli mübarizəni əzmlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıq və vəzifələri yüksək məsuliyyətlə və peşəkarlıqla yerinə yetirəcək.

Müəllif: Ayna.az