KORONAVİRUS və ya TACLI FƏLAKƏT (II)

İbrahim Nəbioğlu

25.02.2020 - 22:00

Ən dəhşətli xəstəlik ölümcül olan deyil, müalicəsi olmayandır...

 

Mariya fon Ebner-Eşenbah

 

1939-cu ildə fiziklər Leo Silard və Yudjin Vigner ABŞ prezidenti Ruzveltə bir məktub qələmə alırlar. Albert Eynşteyn məktubu redaktə edir, imzalayıb Ağ Evə çatdırır. Məktubda nasist Almaniyasının atom bombası əldə etmək üçün ciddi işlər gördüyü, Hitlerdən əvvəl bu silaha sahib olmaq üçün ABŞ-ın fəaliyyətə başlamasının zərurəti haqda yazılırdı. Ruzvelt həyəcan təbili çalan dünya şöhrətli alimin müraciətinə tez reaksiya verir –‘’Manhetten Layihəsi’’ belə yaranır. Layihə bəşəri bir məqsədə — Yer Kürəsini xilas etməyə xidmət edəcəkdi. Görkəmli fizik, gələcəyin Nobel mükafatı laureatı Robert Oppenheimer layihənin rəhbəri təyin edilir, bura 130 min insan cəlb olunur, 22 milyard dollarlıq büdcə ayrılır…

 

Amerika o vaxt görünməmiş bir mütəşəkkilliklə imkansız olanı həyata keçirdi. Və indi, o tarixi hadisədən 75 il sonra ABŞ “Manhetten Lyihəsi”nə bənzər yeni bir səfərbərliyə başlayır. Ağ evin təlimatı ilə koronavirusa qarşı peyvənd üçün ABŞ-ın 5 farmasevt şirkəti gücünü birləşdirərək çalışmalara başlayıb. Onlar yenə də imkansız kimi görünən bir hədəf qoyublar qarşılarına – bu ilin noyabr ayına qədər 150 milyon doza peyvənd istehsal etmək. Bütün dünya buna “Yeni Manhetten Layihəsi” adını verib.

 

Bəs milyardlar xərclənərək əldə ediləcək 150 milyon doza kimə çatacaq və ya peyvənd çıxsa onun effektivliyi nə qədər olacaq? Bu suallara cavab hələ ki yoxdur…

 

***

 

Gənc bir qohumum Kanadanın qərb sahilindəki uzaq Vankuverdə böyük bir texnoloji şirkətdə çalışır. Telefon danışıqlarımızdan birində şirkətdə çalışan çinlilərə qarşı neqativ münasibət yarandığını söylədi. Bu əndişə onların Çin təqviminə görə Yeni il şənlikləri üçün ölkələrinə gedib gəldikdən sonra daha da artmağa başlayıb. Xeyli çinlinin yaşadığı Vankuverdə müxtəlif söz-söhbətlər dolaşmaqdadır. Konspiroloji nəzəriyyələrə inanmasam da eşitdiklərim məni heyrətə salır:

 

- Epidemiyanın konkret bir irqə hədəflənmiş olması

 

- Qripə yoluxanların əsasən çinlilər olması

 

-Xaricdə qeydə alınan xəstələrin də əsasən çinlilər olması

 

- Epidemiyanın uşaq və gənclərdən bir qədər yan keçməsi.

 

İntellektinə şübhə etmədiyim qohumuma etiraz edirəm – “Virusu konkret bir irqə, millətə yönəltmək nə dərəcə ağlabatandır?”. Cavab hürkütücü idi: “Genetik kodla müəyyən kriteriyalar verərək virusu mutasiya etmək mümkündür”. Nəfəsimi tutduğumu görüb, bununla bağlı bir məqalədən xəbərim varmı deyə soruşur. “Virusologiya ilə bağlı elmi məqalələr oxumaq kimi bir alışqanlığım yoxdur” deyə guya zarafat edirəm. Telefonda klaviaturasının səsi gəlir, məqalənin linkini mənə atırdı…

İbrahim Nəbioğlu