Bethoven, Kəbə və Məhəmməd Peyğəmbər

İbrahim Nəbioğlu

23.05.2020 - 23:42

Lüdviq van Bethovenin (1770-1827) bu ilin sonunda 250 yaşı tamam olacaq

 

Önəmli yubiley ərəfəsində onun zəngin musiqi irsi yenidən araşdırılır. Az bilinən əsərləri çeşidli platformalarda yenidən ifa edilir. Koronavirusdan dolayı bir çox tədbirlər təxirə salınsa da sosial şəbəkələr Dünya musiqi tarixinin ən nəhəng bəstəkarını sürəkli zirvədə saxlayır…

 

Bir neçə gün əvvəl başqa bir mövzuda axtarış edərkən təsadüfən qarşıma Bethovenin 1811-ci ildə yazdığı “Afina Xərabələri” (alm. Die Ruinen von Athen), op.113  adlı əsəri çıxdı. Nə adını eşitmişdim, nə də dinləmişdim bu günə qədər. Tez internetdən tapdım, qulaqlarıma inanmadım – türk motivləri, xüsusilə də “Dərvişlər Xoru” (Chor des Derwische) məni inanılmaz bir ruhani dünyaya uçurdu. Xordakı “Kaaba, Mahomet” xaricində heç bir sözü anlamırdım. İnternetdə sözlərini tapdım.

 

Du hast in deines Ärmels Falten

 

Den Mond getragen, ihn gespalten.

 

Kaaba! Mahomet!

 

Du hast den strahlenden Borak bestiegen

 

Zum siebenten Himmel aufzufliegen,

 

Großer Prophet! Kaaba!

 

Gecə saat bir olmasına baxmayaraq dostum Hakan B.-yə zəng elədim, oyatdım. Mənasını anlamadığım sözləri İsveçrədə doğulub, məktəb və universitet təhsilini Almaniyada almış Hakana oxumağa başlayınca həyəcanım ona keçdi. Yuxusunu qaçırtmışdım, bir az özünə gəlib “Çabuk bana gönder güftesini” dedi (güfte- musiqi əsərinin yazılı mətni, mahnı sözü)…

 

Dahi alman bəstəkarı türk musiqisindən, xüsusən də Mevlevi (Mevlana Celaleddin Ruminin davamçılarının qurduqları təriqət) Ayinlərindən ilham alaraq qeyri-adi gözəllikdə musiqi nümunəsi yaradıb. Osmanlı divan musiqisi, onun mehter ve tekke qolları əsrlər boyu Avropa klassik musiqisinə təsir edib. Xor və orkestr üçün yazılan “Afina Xərabələri” uvertyura, xor, “Türk Marşı” (Marcia alla Turca) kimi 8 bölümdən ibarətdir. Bəzi musiqi tənqidçiləri Bethovenin 1809-da yazdığı “Piano üçün re major variasiyaları”ndakı türk temalarını “Op.113”ə daşıyaraq mahiyyətcə daha monumental bir əsər yaratdığını deyirlər.


 Bethovenin Mevlevi musiqisinə duyduğu maraq hardan başlayır? Bu haqda indiyə qədər çox az məlumat var. Yeditepe universitetindən professor Feza Tansuğa görə 1639-cu ildə Fransa Jean de la Hayı Osmanlı İmperatorluğuna səfir təyin edir. Səfirlə birlikdə İstanbula Jean du Loir adlı bir səyyah və tacir də gəlir. Burada qaldığı bir neçə ay ərzində de Loir gördükləri haqda Parisə peydər məktublar yazır. Bu məktublar 1654-cü ildə “Les Voyages du Sieur du Loir” (Cənab du Loirin səyahətləri) adı ilə çap edilir. Kitabda İstanbul abidələri, Osmanlı Sarayı, türklərin yaşayışı ilə bağlı müxtəlif məlumatlar yer alır.

 

Du Loir yazılarında Osmanlı Divan müsiqisinə də yer verir. O, Eflakinin (Eflaki Dede, Horasanlı din adamı və astronom, Anadoluya köçdükdən sonra Mevlananın nəvəsi Arif Çelebinin tələbəsi olub) 12 beytlik şeirinin 8 beytini fransız dilinə uyğunlaşdırır, onu və Mevlevi ilahisinin notasını kitaba salır. Ehtimal ki, Bethoven “Dərvişlər Xoru”nu bəstələrkən də o beytlər almancaya tərcümə edilir.

 

“Afina Xərabələri” Bethovenə 1812-ci ildə Budapeştdə açılacaq İmperator Teatrının yeni binasının açılışı üçün sifariş verilmişdi. Məhz bu açılış sayəsində osmanlı-türk motivləri Bethoven kimi nəhəng bir bəstəkarın yaradıcılığına girir. İllər sonra – 1824-də Bethoven özünün Şah əsəri sayılan və Dünya musiqi mədəniyyətinin incisi olan 9-cu simfoniyasını yazanda yenə türk motivlərinə müraciət edəcəkdi. Simfoniyanın dördüncü hissəsində Fridrix Şillerin “Sevincə Mədhiyyə” əsərinə bəstələdiyi füsunkar musiqisində mehter motivlərinin elementlərindən istifadə edən Bethoven kiçik, amma bariz bir türk izi buraxır mədəniyyət tarixinə.


 Avropa Birliyi 9-cu simfoniyanın “Sevincə Mədhiyyə” adlanan dördüncü hissəsini Birliyin himni olaraq istifadə edir. Türkiyə illərdir AB-yə qəbul olunmasa da türklər avropalıların könüllərində taxt qurublar. Və Bethoven də bunun əsasını qoyanlardan biridir…

 

1.“Dərvişlər Xoru” (Chor des Derwische)

Sən ki qollarında Ayı daşıdın,

 

Sən ki onu ikiyə ayırdın,

 

Kəbə! Məhəmməd!

 

Sən ki parlayan Buraka* mindin,

 

Səmanın yeddi qatına çıxdın

 

Böyük Peyğəmbər! Kəbə!

 

*Burak – Məhəmməd peyğəmbərin Miraca çıxdığı atın adıdır (Burak ərəbcə ildırım, şimşək, parıldamaq anlamına gəlir)

 

Dostum Hakan B.-nin tərcüməsini (Azərbaycan türkçəsinə uyğunlaşdıraraq) daha çox bəyəndiyim üçün onu paylaşıram…


 2. Lüdviq van Bethoven — “Afina Xarabələri” (The Ruins of Athens), Op 113

Müəllif: İbrahim Nəbioğlu