Koronavirus varlığını azərbaycanlılara sübut edə bildi: <font color=red> “Qoruna-qoruna yoluxdum”</font>

Cəmiyyət

07.12.2020 - 16:50

Vətəndaşlar maksimum dərəcədə özlərini qorumağa çalışırlar, lakin başqa narahatlıqlar da var

 

Koronavirus (COVID-19) infeksiyası yüksəliş dövrünü yaşayır. Birinci mərhələdə virusun varlığına inanmayanların sayı kifayət qədər idisə, artıq əksəriyyət təhlükənin fərqindədir – yoluxma və ölüm halları cəmiyyətin gözü önündə baş verir.

 

Bəs, necə qorunuruq və ya qorunuruqmu? AYNA sualı sosial şəbəkə istifadəçilərinə ünvanlayıb. Beləliklə:

 

Kənan Paşabəyli: “Məncə, artıq qorunmaq mümkünsüz hala gəlib. İşə gəlirsən, işdə kimsə yoluxub, evə gedirsən, kimsə yoluxub... Dayanacaqda yanında dayanan şəxsin yoluxub-yoluxmadığını bilmirsən. Çətindir qorunmaq”.

 

İsgəndər Qəmbərov: “Düzünü deyim ki, yoluxmadan qorunmaq mümkün deyil. Maksimum evdə oturmağa çalışıram. İşə gedib-gələndə taksidən və ya şəhər tərəfə gedən dostlarımın maşınlarından istifadə edirəm. İctimai nəqliyyatdan ümumən istifadə etmirəm”.

 

Anar İbrahimli: “Əllərimi tez-tez sabunla, ən azı 20 saniyə isti suyun altında yuyub, antiseptik məhlullarla dezinfeksiya edirəm. Mütləq şəkildə, ən azı 2 -3 dəfə maskamı dəyişirəm. Bu aralar çoxlu isti maye içirəm, orqanizmin immun sistemini gücləndirmək və virus infeksiyalarına dözümlülüyü artırmaq üçün gündəlik rasiona vitaminlə zəngin qidalar, həmçinin bol meyvə-tərəvəzlər daxil edirəm. Özümüzü və ətrafımızı qoruyaq, daim sağlam olaq”.

 

Bəxtiyar Hacıyev: “Nə deyirlər, onu da edirik”.

 

Elməddin Vəliyev: “Bundan qorunmaq olmur. Olsaydı, özünü qoruyan heç kəs bu virusa yoluxmazdı. Amma özünü qoruyan milyonlarla insan da koronavirusa yoluxur. Yeganə üsul immuniteti gücləndirməkdir ki, yoluxanda ağır nəticələr verməsin”.

 

Akif Mirsiyaboğlu: “Ən əsası məsafə saxlamaq və maskadan düzgün istifadə olunmasıdır. Hər bir insan özünü qoruyarsa, ətrafindakıları da qorumuş olar. Bu, qarşılıqlı olarsa, daha çox effekt verər”.

 

Səddam Məhəmməd: “Mən tədbir görə-görə koronavirusa yoluxdum”.

 

Nərminə Yusifli: “Əslində, tədbir görməyimizin əhəmiyyəti yoxdur, çünki avtobusda hər gün üst-üstə gedirik. Nə bilirik ki, yanımızdakı şəxs virus daşıyıcıdır və ya xəstədir. Sadəcə, maska taxırıq”.

 

Şaiq Çələbi: “Hal-hazırda iş axtarıram. Koronaya tutulub ölməsəm, acından öləcəm. Koronavirusa görə hər yer bağlanıb, çox insan işsizdir”.

 

Şahpəri Abbasova: “Vitaminlər qəbul edirəm, eyni zamanda meyvə yeyirəm. Maska və spirt də öz yerində. Amma tutulmayacağıma əmin deyiləm”.

 

Tunar Süleymanlı: “Təbii üsullarla qoruyuruq özümüzü:

- Zəncəfil, kəklikotu, limon, nanə dəmləmək və içərisinə bir çay qaşığı bal qatıb içmək;

- Qarazirə (üyüdüb) və hindi bitkilərini bal ilə qarışdırıb yemək;

- Zəncəfil tozu və sarıkök: hərəsindən yarım çay qaşığı stəkana tökmək, üzərinə limon əlavə etmək və isti su ilə qarışdırıb sonra 1 qaşıq bal əlavə edib içmək”.

 

İsaq Mayılov: “Doğrudur, tədbirimi görürəm, məsafə, maska, gigiyenə və s. Amma yaxşı anlayıram ki, bunu keçirəcəm (bəlkə də keçirmişəm). Yəni elə də narahat etmir məni”.

 

Nurlan Qələndərli: “Müəyyən və təbliğ olunan bütün qaydalara əməl etməyə çalışıram. Mümkün qədər təcrid rejimi öz yerində. Ən əsası, 3 qızıl qayda: maska taxmaq, əl gigiyenasına diqqət etmək və sosial məsafə saxlamaq. Unutmamalıyıq ki, COVID-19 ilə müharibə şəraitindəyik, özümüzü qorumaqla cəmiyyətin sağlamlığını da mühafizə etmiş oluruq”.

 

Müşfiq Qədirov: “Bürokratik əngəllər xəstəliyi yayan ən birinci səbəbdir. İdarə və təşkilatlar, xüsusən post və xəstəxanalarda olan vəziyyət əlverişli şərait yaradır ki, virus daha sürətlə yayılsın. Adi bir sənəd üçün 3 gündür yollardayam, hələ sabah da getməliyəm, məcburən. Hətta, bütün sahələri olduğu kimi, koronanı da rüşvətə alışdırmışıq. 5 verəndə “toxunmur” adama”.

 

Tural İrfan: “Məncə, bəzi aidiyyəti qurumlar əhalinin yoluxmaması və təminatı üçün lazımi tədbirləri görmür. Külli miqdarda yeyinti var. Özəl səhiyyə müəssisələrində pullu testlərdən milyon qazandırır bəzi sahibkarlara. Ona görə də elə bir söhbət və görüntü yayıblar ki, guya hamı bu virusla yaşamağa öyrəşməlidir, bu, illərlə davam edəcək və sair. Halbuki, artıq peyvənd hazırdır, Türkiyə yaxın günlərdə başlayacaq istifadəsinə. Biz belə bir qayğı və yardım görmürük. Abşeronda təcili yardım demək olar ki, yoxdur. O boyda rayonda cəmi 3 briqada və 4 xarab maşın var. Səhiyyə nazirimiz sağ olsaydı, bu haqda əhalinin 10 ildir etdiyi müraciətə cavab verərdi. Bir sözlə, Allah ümidinə yaşayırıq. Xalqı virus qırmır, biganəlik məhv edir”.

Müəllif: Təranə Xudabaxşiyeva