Kommunal ödənişlərə əlavə bir manat “xərac”

Cəmiyyət

13.02.2021 - 15:43

“MilliÖn” terminalları əlavə məbləği hansı məqsədlə tələb edir?

 

Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq. Bunu “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Birinci studiya” verilişində deyib.

 

“Hazırda yalnız “Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə ödəmə olmalıdır. Bu, xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub. Bu qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu, yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir”, - deyə o bildirib.

 

Məsələylə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlunun AYNA-ya dediyinə görə, istifadə edilən elektrik enerjisinin dəyəri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir ki, təqdim olunan bildiriş və hesab fakturalarda bu, açıq-aydın göstərilməkdədir: “Təəssüf ki, bəzi media orqanları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” ASC adından təqdim etməklə abonentlər arasında çaşqınlıq yaradıb. “Azərişıq” ASC tərəfindən istehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur. Əhali istehlakçıları tərəfindən nəğd ödəmələrə görə aparılan əməliyyatların xərci isə “Azərişıq” ASC tərəfindən ödənilir. Yəni əhali abonentlərimizdən ödəmə terminalı, ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz”.

Картинки по запросу

“Bir daha bildiririk ki, qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən ödəmə terminallarına nağd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq” ASC ilə heç bir əlaqəsi yoxdur. Əksər qeyri-əhali istehlakçıları tərəfindən, istifadə etdikləri enerji haqlarına görə ödənişlər banklar vasitəsilə köçürmə yolu ilə aparılır, nağd ödənişlər zamanı isə ödəniş operatorları üzrə seçimi abonent özü müəyyən edir”, - deyə qurum rəsmisi bildirib.

 

Aydınoğlu qeyri-əhali qrupu üçün də xərcsiz, alternativ ödəmə yollarının olduğunu vurğulayıb: “Onlar məcbur deyil ki, “MilliÖn” vasitəsilə nəğd şəkildə ödənişlərini etsinlər və əlavə onların tətbiq etdiyi 1 manatı ödəsinlər. Həmin abonentlərimizə də müraciət edirəm ki, alternativ variantlar var: onlayn qaydada, banklar, onlayn ödənişlər vasitəsilə xərcsiz öz ödənişlərini edə bilərlər”.

 

Baş verənlərin fonunda, “MilliÖn” növbəti açıqlama yayıb. Şirkətin açıqlamasına görə, sözügedən əlavə ödəniş əhalinin işıqpulu ödənişlərinə aid deyil: “Bu, yalnız qeyri-əhali, yəni restoran, mağaza, fabrik, zavod və s. kommersiya obyektlərinə aiddir. Məlumat üçün bildiririk ki, əlavə ödəniş “Azərişıq” ASC tərəfindən deyil, “MilliÖn” tərəfindən tətbiq edilir”.

 

Araşdırmalardan belə nəticəyə gəldik ki, qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən ödəmə terminallarına nağd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasını “MilliÖn” şirkəti həyata keçirir. Yəni həmin məbləğ şirkətin balansına köçürülür.

 

Şirkət belə bir qərarın icrasına nə zamandan başlayıb? Sözügedən məbləğin şirkətin balansına keçməsi hansı zərurətdən meydana gəlib və məqsəd nədir?

 

AYNA bütün bu suallara cavab almaq üçün “MilliÖn” şirkəti ilə əlaqə saxlayıb. Lakin indiyədək sorğumuz cavabsız qalıb.

Məsələnin hüquqi tərəfinə toxunan hüquqşunas Fərhad Mehdiyev AYNA-ya açıqlamasında bildirdi ki, "MilliÖn" kimi provayderlərin banklarla və xidmət göstərən qurumlarla (məsələn, "Azərişıq", "Azəriqaz" kimi sonuncu ödənişi qəbul edən təşkilatlarla) bir razılaşması olur:

 
“Biz bu razılaşmanın mahiyyətini bilmədiyimiz üçün çox dəqiq hüquqi qiymətləndirmə apar bilməyəcəyik. Bildiyim qədəriylə "MilliÖn"nün burda marağı ondan ibarətdir ki, onlar ödənişi alır və çox cüzi bir hissəsini komissiya haqqı tuturlar. Bu isə haqlı olaraq həyata keçirilir”.
 
Hüquqşunasın sözlərinə görə, normalda istənilən sahibkar müəyyən işi əvvəldən bildirmək şərtilə öz xidmət haqqını təqdim edə bilər: “Yəni deyə bilər ki, mən bu işi görürəm, bunun müqabilində də filan qədər pul istəyirəm. Əgər o bunu inhisarçı qaydada edirsə, o zaman burda qanunsuzluq yaranır. Tutaq ki, bazara hakimdir və öz mövqeyindən süi- istifadə edərək sizin cibinizə girir. Bu, artıq qanunsuzluq olur. Məslən, Bakı şəhərində əgər siz "e-manat" və onun kimi digər ödəmə vasitələrindən 1 manat ödəmədən ödəniş edə bilirsinizsə, o zaman burda hər hansı bir qanunsuzluq olmayacaq. Bu məsələdə problem daha çox rayonlarda olur. Çünki rayonlarda "e-manat" kimi ödəniş sistemləri demək olar ki, yoxdur, həmin ərazilərdə "MilliöN"lər daha çoxdur. Baxın, bu, rayonlarda problem çıxara bilər. Çünki rayonda vətəndaşların banka getmək, mobil tətbiqlərdən istifadə etmək imkanları da məhduddur. Amma Bakı şəhərində bu kimi problemlər yaşanmayacaq”.
 
Bununla bağlı hər hansı müqavilənin olması məsələsinə gəldikdə hüquqşunas qeyd etdi ki, "MilliÖn" hər gün vətəndaşlarla minlərcə müqavilələr bağlayır: “Bizim ödədiyimiz hər bir vəsaitə dair müqavilələr mövcuddur. İndi bu dəfə müqavilədə yeni bir şərt qoyub ki, səndən 1 manat alacam. Yəni bunu əvvəlcədən sənə bildirir. Bunu isə o sizə siz vəsaiti ora qoymadan əvvəl deməlidir. O zaman mən həmin vəsaiti ora qoymaya bilərəm, imtina edərəm, müqaviləyə girmərəm. Dediyim kimi, əgər "MilliÖn"nün inhisarçı mövqeyi yoxdursa, Yəni mən başqa bir yerdən çətinliyə düşmədən ödəniş apara bilirəmsə,bu, sadəcə xidmət haqqıdır və burda qanunsuz heç bir şey yoxdur”.
 
F.Mehdiyev onu da əlavə etdi ki, burda "Azərişıq"ın xəbərdar olub-olmaması məsələsi araşdırılmalıdır: “Məsələn, "Hesab.az" şirkəti əvvəlcədən bütün xidmət tədarükü ilə razılaşmışdı. Yəni razılaşırdı ki, mən sizin üçün pul alacam,ödənişi həyata keçirəcəm və bunun müqabilində də çox cüzi bir komissiya haqqı alacam. Çox güman ki, "Azərişıq"la "MilliÖn"nün də belə bir müqaviləsi olmalıdır. Həmin müqavilədə bu məsələlər necə tənzimlənir, o, maraqlıdır. Əgər həmin müqavilədə komissiya haqqı cüzidirsə, bu zaman vətəndaşdan hər hansı xidmət haqqı almağı düzgün deyil. Çünki "Azərişıq" deyə bilər ki, mən sizlə başqa şərtlərlə razılaşmışdım, belə bir şərtlərlə razılaşmamışdım ki, sən mənim üçün istehlakçılardan pul yığacaqsan”.
Müəllif: Ülviyyə Şahin