Vətəndaşların müraciətləri üzrə zəruri tədbirlər görüləcək
İyunun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla növbəti görüş keçirib.
Dövlət Komitəsindən AYNA.AZ-a verilən məlumata görə, görüşdə vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin araşdırılaraq qanunvericilik çərçivəsində həll ediləcəyi qeyd olunub.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması və onların təhlükəsiz, rahat şəraitdə yaşamaları üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva da işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə müvafiq tapşırıqlar verir.
R.Rzayev qeyd edib ki, bərpa və yenidənqurma işlərinin mərhələli şəkildə həyata keçirilməsinə uyğun olaraq, ilk növbədə, ağır və qəzalı şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına köçürülməsi təmin edilir. Bu proses “Böyük Qayıdış” proqramı çərçivəsində sistemli şəkildə davam etdirilir.
Vətəndaşlarla görüşdə səsləndirilən müraciətlər əsasən köçürülmə prinsipləri, sorğularda iştirak, məşğulluq məsələləri, müvəqqəti məskunlaşma yerlərindəki mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, hüquqi status, vahid aylıq müavinət və digər sosial məsələlərlə bağlı olub.
Diqqətə çatdırılıb ki, vətəndaşların müraciətləri üzrə zəruri tədbirlər görüləcək.