“Onlar İvanişvilini Gürcüstanın milli maraqlarına zidd addım atmağa məcbur etmək istəyirlər”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda jurnalistlərlə söhbətində Gürcüstana qarşı beynəlxalq sui-qəsd barədə danışıb. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.
“Radikal müxalifətin himayədarları gürcü xalqını bir səbəbdən cəzalandırmaq istəyirlər: gürcü xalqı “Gürcü arzusu”nu qətiyyətlə dəstəkləyir və radikal müxalifəti, kollektiv “Milli Hərəkatı” rədd edir”, Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, həmin qüvvələr “Gürcü arzusu”nun lideri Bidzina İvanişvili vasitəsilə gürcü xalqına qarşı sanksiyalar tətbiq etməklə onları cəzalandırmağa çalışırlar: “Bilirsiniz ki, İvanişvili artıq de-fakto sanksiyalar altındadır; onun Avropada dondurulmuş 2 milyard dolları var. Amma indi şantaj başqa formada davam edir, formal sanksiyalarla hədələr eşidirik. Amma bu insanlar heç bir halda öz məqsədlərinə çata bilməyəcəklər. Onların məqsədinin nə olduğunu hamımız bilirik - onlar İvanişvilini Gürcüstanın milli maraqlarına zidd addım atmağa məcbur etmək istəyirlər. Bu şantaj uğurlu olmayacaq”.
Bu arada, Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə deyib ki, “Gürcüstan hökumətinin rusiyayönlü oriyentasiyası hər gün daha aydın görünür” və bu, ölkəni inadla daxili qarşıdurmaya və beynəlxalq təcridə aparır: ““Gürcü arzusu”nun səsvermə yolu ilə seçkilərdə qalib gəlməyə ümidi yoxdur və cəmiyyəti qarşıdurmaya sürükləməyə çalışır ki, daha sonra güc tətbiqini qanuniləşdirsin”.
Prezident qeyd edib ki, hakim partiyanın seçki kampaniyası müsbət vədlər əvəzinə “qorxu, təhdid və qisas vədlərindən ibarətdir”.
“Onlar bilirlər ki, daha səsvermə yolu ilə seçkiləri qazana bilməyəcəklər. Ona görə də bizə deyirlər ki, kənardan kimsə inqilab, çevriliş istəyir, biz də (müxalifət də) bunu istəyir. Bu, bizi gücdən istifadənin - ümid edirəm ki, istifadə etməyəcəklər - onların gözündə qanuni olacağı yerə aparacaq mövzudur”, - Zurabişvili vurğulayıb.