“Bu gün Moldova Parlamenti praktiki olaraq birpartiyalıdır, lakin heç kim bu barədə danışmır”
“Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının deputatlarının mandatları ləğv olunarsa, oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra parlament birpartiyalı ola bilər”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Bu gün Moldova Parlamenti praktiki olaraq birpartiyalıdır, lakin heç kim bu barədə danışmır. Əksinə, hamı bunu alqışlayır. Eyni şey Gürcüstanda da ola bilər”, - deyə Baş nazir söyləyib.
Gürcüstan hökumətinin başçısı parlament seçkilərinin nəticələrinə görə ölkənin qanunverici orqanına yalnız iki partiyanın - hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının və Vahid Milli Hərəkat Partiyasının keçəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, Kobaxidze bildirib ki, Gürcüstan Parlamentinin sabiq Prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyasından olan deputatlar siyasi birliyin konstitusiyaya zidd elan edilməsindən sonra deputat mandatlarından məhrum ediləcəklər.